Bu bina hər an çökə bilər - Ölümlə üz-üzə... +Video

bu-bina-her-an-coke-biler
Oxunma sayı: 4064

“Mən hazırda evimin qapısını bağlamışam, ailəvi olaraq qızımgilə köçmüşük. Burada yaşamaq mümkün deyil”.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Xətai rayonu, Gəncə prospekti 20 A ünvanında yaşayan məcburi köçkünlər binalarının qəzalı vəziyyəti ilə bağlı aksiya keçirmişdilər. Rayon İcra nümayəndələri də hadisəylə bağlı açıqlamalarında binanın həqiqətən də qəzalı vəziyyətdə olduğunu təsdiqləmişdilər.

Məsələylə bağlı “Qafqazinfo”nun əməkdaşları da hadisə yerində olub. Sakinlər bildirib ki, 6 ildən çoxdur, müxtəlif qurumlardan gəlib baxıb gedirlər, ancaq hər hansı bir tədbir görülmür:

“Bəlkə də, binada saysaz, heç 50 ailə qalıb, ya qalmayıb, hamı bir yer tapıb köçməyə çalışır. Gecə qohum evində qalırlar, gündüz gəlib pal-paltarını yığıb gedirlər. Divarlar tamam aralanıb, balkondan başımıza əl boyda daşlar düşür. Bir gün balkonlar başımıza düşəcək. Hər həftə 2-3 dəfə maşınlara yığışıb şikayətə gedirik. Artıq yazmadığımız qurum qalmayıb. Uşaqdı, deyirsən getmə, gedir. Biri üstdən yıxılıb başı tamam yarılmışdı, kapron qoydurdular”.

Sakinlərin sözlərinə görə bina 11 metr qarşıya sürüşüb və 2 metr də bir tərəfə əyilib. Mənzillərin kanalizasiya suları da elə zirzəmiyə axır. Bu səbəbdən də, birinci və ikinci mərtəbələrdə nəmişlik və üfunət iyindən dayanmaq olmur:

“Əvvəl kanalizasiya tamam küçəyə axırdı. Tamam xəstəlik idi. Bir təhər pul düzəldib, buranı qazıb suyu boru ilə aparmışıq. Məhəlləyə girmək olmurdu. Birinci mərtənələrdə iydən, qoxudan yaşamaq olmur. İnanırsız, çaydanı qızdırıcının üstünə qoyursan, yana doğru sürüşür. Artıq müraciət edə biləcəyimiz yer qalmayıb. Gözləyirlər ki, bina bir gün başımıza aşsın, sonra nəsə etsinlər”.

Günel Hacı
Fotolar və video: Nuran Məmmədov