“Bu cütlükdə favorit yoxdur” - Qurban Qurbanov

bu-cutlukde-favorit-yoxdur
Oxunma sayı: 2092

“Bizi çox çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Yaxşı oyun göstərməliyik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşanın “Lex”i ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, bu matça hazırlaşmaq üçün vaxtımız az oldu: “Buna baxmayaraq, komandada durum normaldır. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az zamana ehtiyacımız var. İstər-istəməz tam hazır ola bilmərik”.

O, “Lex”in fərqli futbol sərgilədiyini qeyd edib: “Bundan əvvəl “Legiya”ya qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. “Lex” meydanda fərqli hücumlar sərgiləyir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Çox çətin olacaq”.

Q.Qurbanov şansların bərabər olduğunu vurğulayıb: “Heç vaxt favorit olduğumuzu deməmişəm. Hər zaman öz oyunumuza önəm vermişəm. “Lex” ilboyu avrokuboklar səviyyəsində matçlar keçirir. Çünki Polşa çempionatının səviyyəsi olduqca yüksəkdir. Bu cütlükdə favorit yoxdur. Sadəcə, futbolçularımı sonadək mübarizə aparmağa kökləmişəm. Rəqibə hörmətlə yanaşıram. İş prinsipləri, oyunçuları ilə maraqlanmışam. Ona görə də kimisə zəif saymaq istəmirəm. Sabah iki yaxşı komanda mübarizə aparacaq. Nəticəni sonda görəcəyik”.

O, 2020-ci ildə Polşada “Legiya”ya 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin oyununu da xatırlayıb: “Həmin matça komandanı motivasiya etmək elə də asan deyildi. İstənilən səhv fikir mənfi təsir edə bilərdi. Futbolçular qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilər. Vətən müharibəsindəki zəfərdən sonra oyunçuları motivasiya etmək daha asandır. Bu gün isə komandanı oyuna başqa cür kökləmişik. Tarixi günləri tez-tez yada salırıq. Şükürlər olsun, halalca torpaqlarımız özümüzdədir”.

Baş məşqçi “Lex”in heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib: “Adlarını bir-bir açıqlasam, düzgün çıxmaz. Hər biri ustalıq səviyyəsi və qol vurmaq qabiliyyəti yüksək olan futbolçulardır. Hamısına qarşı diqqətli olmalıyıq”.

Qeyd edək ki, iyulun 5-də keçiriləcək “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.