“Hər kəs bu matçın çətin olacağını bilirdi, ümumilikdə çox yaxşı oyunun şahidi olduq . Məncə, bu oyunu hamı bəyəndi”.
“Qafqazinfo” xəbər verir ki, bunu futbol veteranı Adil Hüseynov deyib.
Adil Hüseynovun sözlərinə görə, “Qarabağ” klubu bir daha sübut etdi ki, Azərbaycan futbolunun favoritidir və dünya futbolunun ən güclü komandaları ilə bərabər futbol nümayiş etdirə, rəqabət apara bilər:
“Ümumiyyətlə, belə oyunlardan sonra futbolçuların özlərinə inamı artacaq və bu sevindirməyə bilməz.
Deyə bilərəm ki, qələbəni əlavə olunmuş dəqiqələrdə əldən vermək çox ağrılıdı, buna səbəb isə 2-ci hissədə “Qarabağ” futbolçularının bəzilərinin yorğunluğu və rəqib futbolçularının aktiv olması idi.
Biz unutmamalıyıq ki, “Bayer” Bundesliqanın lideridir və bu matça qədər 34 oyunu ardıcıl məğlubiyyətsiz keçirən komandadır, heyətin maliyyə dəyəri də tamamilə fərqlidir. Buna baxmayaraq bizim komandanı onlardan fərqləndirən əzmkarlıq və fədakarlıq oldu.
Arzum odur ki, Azərbaycanın digər futbol klubları da “Qarabağ” komandasına baxıb həvəslənsinlər, gözəl oyun nümayiş etdirsinlər və öz azarkeşlərini daima sevindirsinlər. Dövlətin futbola göstərdiyi diqqət , lazımı idman infrastrukturunun mövcudluğu, o cümlədə yaşayış binalarının həyətlərində idman meydançalarının çoxluğu, “Qarabağ” komandasının göstərdiyi nümunə sonucda Azərbaycan futbolunu da tam yeni səviyyəyə qaldıracaq və düşünürəm ki, bunun üçün bütün şərait vardır.
Sonda bir veteran futbolçu və azarkeş olaraq başda Qurban Qurbanov olmaqla “Qarabağ” komandasına bizi sevindirdiyinə görə öz təşəkkürümü bildirirəm. Fikrimcə bu heç heçə qələbəyə bərabərdir”.
Qeyd edək ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti olan sabiq futbolçu Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.
Son xəbərlər
Son Xəbərlər