Bu il icra olunan cərrahi əməliyyatların sayı açıqlandı

bu-il-icra-olunan-cerrahi-emeliyyatlarin-sayi-aciqlandi
Oxunma sayı: 1151

“TƏBİB tabeli tibb müəssisələrində 2025-ci ilin yanvar–oktyabr ayları üzrə 21 milyon 41 min 253 müraciət, 77 milyon 404 min 977 xidmət, 309 min 812 cərrahi əməliyyat və 32 milyon 752 min 991 laborator müayinə icra olunub”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib. 

O qeyd edib ki, artıq TƏBİB tərəfindən cərrahiyyə və anesteziyanın inkişafı üzrə yol xəritəsi hazırlanır: “2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə daha çox (90 prosedur) xidmətə çıxışın təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə, 2030-cu ildən Tibbi Ərazi Bölmələri (TƏB) mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) təşkili təmin olunacaq”.

TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva əlavə edib ki, qurumun tabeliyində 14 Tibbi Ərazi Bölməsi üzrə  87 tibb müəssisəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əhaliyə tibbi xidməti təşkil edərək fəaliyyət göstərir: “2025-ci ilin yanvar - oktyabr ayları ərzində əldə edilmiş nəticələrə əsasən, 10 ayda icbari tibbi sığorta hesabına icra edilən tibbi xidmətlərin miqdarı 67 milyon, tibbi xidmətlər üzrə ödənilən məbləğ isə 786 milyon manat təşkil edib. Bu, cari ilin 10 ay üzrə proqnozlaşdırılan tibbi xidmətlərin reyestr üzrə miqdarının və məbləğinin 91 faizinə bərabərdir”.

O, həmçinin bildirib ki, 2025-ci ilin ilk 10 ayı ərzində tibb müəssisələrində icra olunan tibbi xidmət göstəricilərinin 2024-cü ilin eyni dövrü ilə müqayisəsi bir sıra müsbət dinamikanı əks etdirir: “Belə ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində sığortalıların tibbi xidmətə müraciət sayında 5 faiz artım, icra olunan xidmətlərin ümumi sayında 21 faiz artım, tibbi xidmətlər üzrə ödənilən məbləğdə isə  8% artım qeydə alınıb. Bununla yanaşı, sığortaolunanların tibbi xidmətə müraciət sayının artması nəticəsində isə ötən illərlə müqayisədə TƏBİB tabeli tibb müəssisələrinə verilən göndəriş sayında 46 % faiz artım müşahidə edilib”.

Gülnar Əliyeva