“Bu il ölkə daxilində daha çox bilet satmışıq” - Arif Rəhimov

bu-il-olke-daxilinde-daha-cox-bilet-satmisiq
Oxunma sayı: 1906

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “F1news”a müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
 
- Son iki ildə pandemiya idman dünyasına ağır zərbə vurdu. Bu il azarkeşlərin sizə qayıtması nə dərəcədə önəmlidir?
 
- 2020-ci ildə yarış keçirmədik, 2021-ci ildə isə tamaşaçısız keçirildi. İndi bütün tədbirlər, xüsusən də idman yenidən populyarlaşır. İnsanlar evdə oturmaqdan yorulublar, əsl tamaşa istəyirlər. Dünyada biletlər bir neçə günə tükənir, yarışlara rekord sayda tamaşaçı toplaşır, ölkələr normal həyata qayıdır. Bakıda hamının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik və iyun ayında azarkeşləri qarşılamağı səbirsizliklə gözləyəcəyik. Bu il Covid-19 ilə bağlı heç bir problem gözləmirik.
 
- Bakıda hər mərhələdə yerli və beynəlxalq satışların nisbəti nə qədərdir?
 
- İndi satışın 60 faizi xarici azarkeşlərdən gəlir. Ancaq əvvəlki illərdə yerli satışların son anda baş tuturdu. Bu il biz artıq 2019-cu illə müqayisədə ölkə daxilində daha çox bilet satmışıq.Təəccüblü deyil ki, beynəlxalq azarkeşlər biletləri daha əvvəl alırlar. Çünki onlar aviabilet almalı, otel sifariş etməlidirlər. Turistlərin Azərbaycana, Bakıya qayıtması çox gözəldir. Bu il Qran-pri iyun ayında, havanın mükəmməl, isti və günəşli olduğu bir vaxtda keçiriləcək. Tendensiya çox yaxşıdır, biz əminik ki, yarış həftəsonu başlamazdan əvvəl bütün biletləri sata biləcəyik.
 
- Niyə Azərbaycan Qran-prisi son illərdə təqvimdə ən populyar yarışlardan birinə çevrilib?
 
- Səbəblərdən biri də yavaş və sürətli iştirakşiların arasında optimal balansdır. Dəyişən ərazi və müxtəlif döngələrin olması idarə etməni çətinləşdirir. Keçirdiyimiz beş yarışda beş fərqli qalib olmağımızın səbəblərindən biri də budur. Və əminəm ki, bu il biz yenə yeni qalib görəcəyik. Azərbaycan Qran -prisi hər il sürprizlər edir. 2017-ci ildə Sebastian Fettel və Luis Həmilton arasındakı məşhur toqquşmanı və yaxud bir il sonra “Red Bull” pilotlarının toqquşmasını xatırlayaq. Ötən mövsümün dramını da unutmaq olmaz. Maks Ferstappenin distansiyadan çıxandakı durumu...Podiumdakı yerlərin taleyi isə son dövrələrdə həll olundu. Azarkeşlər bilirlər ki, bu yarışı qaçırmaq olmaz, orada hər şey ola bilər. Bu, mövsümün ən gözlənilməz yarışıdır.