“Bu ölkələrə görə pandemiya gələn il də davam edə bilər” - ÜST

“Bu ölkələrə görə pandemiya gələn il də davam edə bilər”
Oxunma sayı: 1389

“Koronavirus pandemiyası 2022-ci ilin çox hissəsində davam edə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun müşaviri Brüs Eylvard “BBC”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, buna səbəb dünyanın kasıb ölkələrinin kifayət qədər vaksin əldə etməməsidir.

ÜST nümayəndəsi qeyd edib ki, inkişaf etmiş ölkələr kasıb bölgələrin dərmanla təmin edilməsi proqramı üzrə öz öhdəliklərini yerinə yetirmirlər.

Bildirilir ki, dünyanın əksər ölkələrində əhalinin təqribən 40%-i və yaxud daha çoxu peyvənd olunduğu halda, Afrikada əhalinin yalnızca 5%-i immunizasiyadan keçib. Bununla yanaşı, xeyriyyə təşkilatlarının hesablamalarına görə, planetin ən yoxsul sakinlərinə vəd edilmiş 7 dozadan yalnız 1-i öz təyinat nöqtəsinə çatır.

“Sizə əminliklə deyə bilərəm ki, öhdəsindən gələ bilmirik. Həqiqətən sürətlənməliyik, əks halda nə baş verəcəyini bilirsiniz? Bu pandemiya gərəkdiyindən bir il artıq davam edəcək. Dünyanın yoxsul ölkələrinə vaksin göndərilməsi üzrə beynəlxalq proqram olan “Covax” ilin sonuna qədər 2 milyard doz vaksin ayırmağı planlaşdırırdı. Lakin proqram yalnız 371 milyon doza vaksin göndərə bilib”, - deyə Eylvard vurğulayıb.