Türkiyə Ticarət Nazirliyi Ramazan ayı ərəfəsində daxili bazarda toyuq ətinin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq məqsədilə kəskin qərar qəbul edib.
“Qafqazinfo” “Haber Global”a istinadla xəbər verir ki, nazirlik toyuq məhsullarının ixracını müvəqqəti olaraq dayandırıb.
Məlumata görə, bu addım bəzi istehsalçı və satıcıların Ramazan ayı öncəsi qiymətləri təxminən 15 faiz artırmasından sonra atılıb.
Ticarət Nazirliyindən bildirilib ki, daxili bazarı qorumaq və vətəndaşların ağ ət məhsullarına daha münasib qiymətlərlə əlçatanlığını təmin etmək üçün ixrac məhdudiyyəti sabahdan etibarən qüvvəyə minəcək. Nazirlik həmçinin vurğulayıb ki, Ramazan ayı boyunca bazar konyunkturası yaxından izləniləcək və haqsız qiymət artımına yol verən müəssisələrə qarşı ciddi sanksiyalar tətbiq olunacaq.
Xatırladaq ki, Türkiyə bölgənin ən böyük quş əti istehsalçılarından biri olsa da, son günlərdə yerli bazarda təklif azlığı bəhanə edilərək qiymətlərin bahalaşması müşahidə olunurdu.
Son xəbərlər
Son Xəbərlər