“Bu səfirlərin bir-iki şəxsi dostu yoxdur?”

bu-sefirlerin-bir-iki-sexsi-dostu-yoxdur
Oxunma sayı: 3257

“Ötən iclasda biz Fransa Milli Milli Assambelyasının qəbul etdiyi qərara hamılıqla münasibət bildirdik və orada 256 deputatın səsvermədə etdiyi yaramazlıqlara çox sərt reaksiyamızı ortaya qoyduq. Bununla yanaşı, biz bir şeyi unutduq. Biz həm də özümüzə aid olan yarıtmazlıq barədə danışmağı unutduq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Fazil Mustafa bildirib. 
 
“Bu yarıtmazlıq nədən ibarətdir? İstər Fransa, istər Belçika, istər Almaniya və ya digər ölkələr olsun... Necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir və bir nəfər olsun belə Azərbaycanın lehinə səs vermir? 30 ildir orada diplomatik korpusumuz fəaliyyət göstərir. 30 ildir müstəqilik. Yəni bu səfirlərin bir-iki şəxsi dostu da yoxdur? Münasibət quracağı 5-6 adam da yoxdur? Yəni hamı ermənilərin təsiri altındadır? Ermənilər kimi kiçik bir xalq hamını ələ alıb? Bu, inandırıcı gəlmir. Biz özümüzə aid olan bir sıra məsələləri həll etmədiyimizə görə problemlər yaşayırıq. Bir çox hallarda bu istiqamətdə olan insanlar qabiliyyətə görə yox, qabiliyyətsizliyə görə daha yuxarı vəzifələrə irəli çəkilir”, - deyə Fazil Mustafa qeyd edib. 

Deputat əlavə edib ki, bu gün fonddan, dövlət büdcəsindən 20 Yanvar qırğını, Xocalı soyqırımı ilə bağlı tədbirləri keçirməyə və Azərbaycanı tanıtmağa pul ayrılır: “Azərbaycanı bu formada tanıtmağa nə ehtiyac var? Elə Azərbaycanın Prezidenti öz çıxışı, davranışı, apardığı müzakirələrlə ölkəmizi ən yüksək səviyyədə tanıdır. Bunun ayrı-ayrı adamlar tərəfindən edilməsinə ehtiyac yoxdur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diplomatik korpusumuz orada olduğu müddətdə həmin ölkələrdə olan səlahiyyətli şəxslərlə bağlı, ictimai fikrə təsir edə biləcək şəxslərlə əlaqə qurmağı bacarmalıdır. Bir çoxu bu qabiliyyətdən məhrumdurlar. Sadəcə 5 il vaxtını öldürüb gəlirlər. Onlar haqqında müzakirə açılmır, onların nə işlə məşğul olduğu soruşulmur?!”

Eldar Tanrıverdi