Uitni Hyuston bu gün dəfn ediləcək

uitni-hyuston-bu-gun-defn-edilecek
Oxunma sayı: 656

Fevralın 12-də 48 yaşında vəfat etmiş dünya şöhrətli müğənni Uitni Hyuston bu gün dəfn ediləcək. Müğənninin yaxınları və ailə üzvləri Nyu Cersi ştatının Nyuark şəhərində onun tabutunun olduğu cənazə evinin önünə toplaşıblar. Bir qədər sonra Uitni Hyustonla özəl vida mərasimi keçiriləcək.

"Viqham cənazə evi"nin önündə məşhurlara məxsus limuzin avtomobilləri gözə dəyir. Hyustonun sənətdə irəliləməsində böyük rol oynamış dostu Klayv Devis burada gözləyənlər arasındadır. Uitni Hyustonla vida və dəfn mərasimində iştirak etmək üçün onun "Cangüdən" filmindəki tərəf müqabili aktyor Kevin Kostner, eləcə də Stiv Vander, Alişia Kis kimi bir sıra məşhur müğənnilər Nyu Cersiyə gəlib. Uitni ilə vida mərasimi uşaqlıqda xorda oxuduğu "Yeni Ümid" kilsəsində keçiriləcək. Kilsə 300 nəfərlik olduğundan, oraya yalnız ifaçının yaxınları, ailə üzvləri, qohum və dostları buraxılacaq.

Xatırladaq ki, fevralın 12-də Los Ancelesin "Beverli Hilton" otelində vanna otağında ölü tapılmış Uitni Hyustonun ölümünün dəqiq səbəbi hələ məlum deyil. Onun çoxlu içki içdikdən sonra sakitləşdirici dərmanlar atdığı və huşunu itirərək suda boğulduğu ehtimal edilir.

anspress