“Bunu təşkil edənlər sadə vətəndaşlar deyil!”- Nurlan Həsənov

bunu-teskil-edenler-sade-vetendaslar-deyil-nurlan-hesenov
Oxunma sayı: 4166

“Dünənki yürüş Azərbaycan xalqının Azərbaycan əsgərinə bağlılığının, dəstəyinin, vətənpərvərliyin sübutudur! Düşmənə gözdağı, ehtiyac yaranarsa necə birlik nümayiş etdirə biləcəyinin faktıdır”.

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Nurlan Həsənov feysbukda paylaşıb. O qeyd edib ki, Milli Məclisə zor gücünə daxil olanlar bilərəkdən və ya bilməyərəkdən Azərbaycana xəyanət ediblər: “Ermənistanla birbaşa müharibə şəraitindəykən, olanları bəhanə edib dövlətin Ali Qanunverici orqanının, Parlamentin inzibati binasına zor gücünə daxil olmaq, dağıntılar törətmək nə deməkdir? Milli Məclisin foyesində “Allahu Əkbər” qışqırmaq nə deməkdir? Kimdi bunlar, özlərini nə hesab edirlər?

Dünən Milli Məclisə zor gücünə daxil olanlar bilərəkdən və ya bilməyərəkdən Azərbaycana xəyanət etmişdir!
Bunu təşkil edənlər sadə vətəndaşlar deyil! Çünki, ölkə Parlamentinə zor gücünə daxil olmaq Tovuzda düşmənlə vuruşan hərbçilərimizə heç bir dəstək ifadə etmir, əksinə! Məqsəd Azərbaycanda qarışıqlıq yaratmaq olub.

Cəbhədə əsgərimiz görünən düşmənə qarşı vuruşduğu vaxtda, fürsətdən istifadə edən, əsl niyyətini gizlədən, içimizdə olan bu görünməz düşmən dünən Milli Məclisin binasına zor gücünə daxil olanlar arasındadır. Bu hadisə təsadüfən baş verməyib. Hüquq-mühafizə orqanlarının müvafiq tədbirlər görəcəyinə və ən uyğun qərarı verəcəyinə əminəm!

Hərkəs görür ki, Azərbaycanı 90-cı illərin əvvəllərinə qaytarmaq cəhdləri var! Əgər içimizdəki görünməz düşmənə qarşı dövlət və xalq olaraq birgə sərt mövqe nümayiş etdirsək, öfkəmizin bizi ələ keçirməsinə imkan verməsək, emosional hisslərə qapılıb yanlış hərəkətlərə yol verməsək, ətrafımızda bu təxribatlara yol verənləri özümüz cəzalandırmağı bacarsaq, dövlətimiz torpaqlarımıza gözünü dikən işğalçıya qarşı var gücü ilə vuruşacaq və qalib gələcək!

Hər birimiz etdiyimiz və edəcəyimiz hərəkətlərin Azərbaycana nə qazandırdığını iki dəfə düşünməliyik! Dövlət orqanlarının fəaliyyətini pozan hər hansı hərəkətlərə qətiyyən yol verməməliyik! Yoxsa sadəcə düşmənə fürsət tanımış olarıq”.