“Burada minlərlə yeni iş yeri açılacaq”- - İlham Əliyev

burada-minlerle-yeni-is-yeri-acilacaq-
Oxunma sayı: 2387


“Nəqliyyat sektorunun inkişafı ilə bağlı çox konkret proqramlarımız, planlarımız var. Biz bu planları ardıcıl surətdə icra edirik və hazırda Azərbaycanda mövcud olan nəqliyyat infrastruktur obyektləri bizim nəqliyyat təhlükəsizliyimizi təmin edir”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə  Azərbaycan prezidenti İlham Əliyev bu gün Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışındakı çıxışında deyib. 

İ.Əliyev xatırladıb ki, təxminən 4 il bundan əvvəl - 2010-cu ilin noyabrında bu limanın təməli qoyulub: “Məqsəd ondan ibarət idi ki, Azərbaycan öz tranzit imkanlarından tam şəkildə istifadə etsin. Mütləq bizə yeni böyük ticarət limanı lazım idi və dövlət bu məqsədlərə böyük həcmdə investisiya ayırmışdı. Nəqliyyat sektorunun inkişafı ilə bağlı çox konkret proqramlarımız, planlarımız var. Biz bu planları ardıcıl surətdə icra edirik və hazırda Azərbaycanda mövcud olan nəqliyyat infrastruktur obyektləri bizim nəqliyyat təhlükəsizliyimizi təmin edir. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində iştirak edirik. Bir sözlə, növbə çatıb ki, biz nəqliyyat təhlükəsizliyimizi tam şəkildə təmin edək”. 

Dövlət başçısı qeyd edib ki, artıq neçə ildir ki, bu istiqamətdə fəal iş aparılır: “Bu limanın açılışı da bax, bu böyük işlərin tərkib hissəsidir. Bu gün bu böyük limanın birinci mərhələsinin birinci hissəsi istifadəyə verilir. Birinci mərhələ gələn il tam şəkildə başa çatacaq. Bu limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteyner olacaq. Yəni, Ələt Ticarət Limanı Xəzər dənizində ən böyük limandır. Biz bu limanın tikintisi ilə eyni zamanda, Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirəcəyik”. 

İlham Əliyev yeni limanın ərazinin sosial inkişafına yardım edəcəyini bildirib: “Burada minlərlə yeni iş yeri açılacaqdır ki, Ələt qəsəbəsinin sakinləri bundan istifadə edəcəklər. Yüksək maaş veriləcək və bu liman gələcəkdə bu ərazidə infrastrukturun genişlənməsinə xidmət göstərəcək. Bizim böyük planlarımız var və hesab edirəm ki, bu, bölgənin, bu zonanın inkişafına yeni təkan verəcək. Eyni zamanda, biz bu layihəni planlaşdıranda, əlbəttə ki, şəhərimizin ekoloji vəziyyətini də nəzərə alırdıq. Çünki biz hesab edirik ki, bu gün Bakıda icra edilən quruculuq, abadlıq işləri mütləq ekoloji tədbirlərlə dəstəklənməlidir”.

Prezident qeyd edib ki, liman Xəzər dənizində ən böyük ticarət limanıdır və  bütün Xəzəryanı ölkələrə xidmət göstərəcək: “İlk növbədə, Azərbaycana xidmət göstərəcək. Bizim ərazimizdən daşınan tranzit yüklərin həcmi artacaq, onsuz da artır. Bu ilin göstəricilərinə görə tranzit yüklərin həcmi artıb. Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizə imkan verir ki, gələcəkdə tranzit imkanlarımızı daha da genişləndirək. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycan ərazisindən keçir. Amma əgər burada müasir logistika, nəqliyyat infrastrukturu olmasa, biz bu imkanlardan istifadə edə bilmərik. Ona görə, hazırda Bakı–Tbilisi-Qars dəmir yolu tikilir. Bu layihə də Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə birlikdə reallaşır. Bu layihənin tarixi əhəmiyyəti var. İlk dəfə olaraq Azərbaycan dəmir yolu vasitəsilə Avropa ilə birləşir. Azərbaycan Avropa ilə Asiya arasında bir dəmir yolu körpüsü olacaq. İndi ehtimal edirik ki, bu layihə fəaliyyətə başlayandan sonra ən azı əlavə 10 milyon ton yük bizim ərazimizdən keçəcək”. 

Dövlət başçısı bildirib ki,  görülən bütün  işlərin məqsədi Azərbaycanı daha da gücləndirməkdir, Azərbaycanın önəmini artırmaqdır: “İki gün bundan əvvəl təməlini qoyduğumuz “Cənub” qaz dəhlizi ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Çünki biz Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində çox böyük addım atmışıq. Azərbaycan bu istiqamətdə əvəzolunmaz ölkəyə çevrilir. Bu limanın tikintisi də bizim önəmimizi artırır. Çünki Xəzər dənizində buna bənzər ikinci liman yoxdur və bu liman bizim iqtisadi gücümüzü artıracaq. İqtisadiyyat da artır, inkişaf edir. Bu yaxınlarda dünyanın iqtisadi məsələlərlə məşğul olan ən mötəbər Forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Biz bir pillə də artmışıq və dünya miqyasında bu sahədə 38-ci yeri tutmaq əlbəttə ki, böyük nailiyyətdir, böyük uğurumuzdur”.