- Cəmilə xanım, may ayını başa vurduq. İyun ayı toyların artan, müğənnilərin işlək ayıdır. Yeni toy mövsümünə necə hazırlaşdınız?
- Hə... Toylar ayı başlayır. Düzdür toy müğənniyə lazımdır, ancaq dolanışıq üçün. Müğənninin əsas işi çəkilişlər, yeni mahnılar olmalıdır. Bir neçə kanallarda çəkilişlərdə oldum. Hazırda yeni mahnı üzərində işləyirəm. Bu mahnı da hazır olan kimi yeni albom buraxacağam. İstəyirəm albom təxminən 20 günə işıq üzü görsün ki, artıq qarşıdan yay gəlir. Albomda yeni mahnılar da var. Həmçinin klassik, milli, fransız stilində mahnılar yazdırmışam. Məndə hər şey qarışıqdır da... Çox gözəl albom olacaq.
- Deyəsən, mahnı seçiminizdə dəyişiklik etmək fikrinə düşmüsünüz. Son vaxtlar “Qarabala” mahnınız yaman dillərə düşüb... Qorxmursunuz, sizi də “ara müğənnisi” adlandırsınlar?
- “Qarabala” mahnısını toylar üçün yazdırmışam. Toylarda lirik mahnılarımı oxuyanda, görürəm oynaq mahnılar da istənilir. Toylarda da xalq mahnılarını bütün müğənnilər oxuyurlar. Ona görə də təkrarlamamaq üçün “Qarabala” mahnısı çox ürəyimə yatdı. Belə bir janrda mahnı oxudum. Bu mahnıda orinbi ilə milli janrın sintezini etmişəm. Stil, həm də sözlər məni cəlb elədi. Mən o tərəflərdə, yəni Rusiyada çox oluram. Bizim oğlanlarımıza orada qarabala deyirlər. Elə buna görə də, qərara gəlib mahnının adını “Qarabala” qoydum. Belə partlayışa səbəb olacağını bir o qədər də gözləmirdim. Çox bəyənildi. Toylarda çox sifariş olunur. Bizim də gəlir yerimiz oradandır da? Klassika öz yerində, belə bir şeyləri də toylar üçün yazırıq.
- Bu janrı özünüzə yaraşdırdınız?
- İnanın hamıya qəribə gəldi. Estrada, rep janrında oxuyan müğənninin birdən-birə “Qarabala” oxuması, mənə belə gəlir ki, şirin alınıb. Milli janrda oxuyanlarda heç belə şirin alınmır.
- Davamlı olacaq?
- Bu üslubda yox.
- Dediyiniz kimi tələbat var axı?
- Hərdən, iki-üç ildən bir, qeyri-adi bir şey eləməyi xoşlayıram.
- Janrınızla bərabər, imicinizdə də dəyişikliklər etmisiniz. Uzun saçlarınızı niyə kəsdirdiniz?
- Hə. Qaynaqları çıxartdırdım. Bütün Azərbaycan bürünüb qaynağa. Mənim individual olmaqdan xoşum gəlir. Sadə insanlar da müğənni edəni edirlər. Ona görə də indi qısa saçlardayam və çox da gözəl yaraşır.
- Bir çox yeni layihələrə imza atsanız da, ən çox tənqidə tuş gələn, verilişlərdə müzakirə olunan sənətçisiniz? Sizdən nə istəyirlər?
- Mən varam ki, tənqid edirlər də. Olmasam, heç yadlarına da düşmərəm. Mənim heç kimlə işim yoxdur. Ürəyim nə istəyir onu edirəm. Bu gün rep oxumaq istəyirəmsə oxuyuram, istəyirəm soyunuram, istəyirəm geyinirəm. İlk kupalnikdə şəkil çəkdirən də mən olmuşam. Merlin Monro stilində paltarın yuxarı qalxmasını da mən etmişəm. Məndə o kompleks yoxdur ki, ay utandım, ay ayıbdır, nə isə deyərlər. Əgər müğənnisənsə, haqqında danışmalıdırlar. Bunu qəbahət hesab eləmirəm.
- Dediklərinizdən belə çıxır ki, sizin üçün heç bir çərçivə yoxdur?
- Yoxdur. Mən keçmiş idmançıyam. Həmişə şortik maykada qaçmışam, kupalnikdə üzmüşəm. Rusfasonam.
- Soyunmağı da ayıb bilmirsiniz?
- O mənada yox. Kupalnikdə şəklimi çəkdilər. Çox müğənnilər mənə dedilər ki, “sən niyə belə şəkil çəkdirdin?”. Bilirsiniz, onlar hansı müğənnilərdir? Gombul, bütün bədənləri silulit, fiquraları yox, qarın nə boyda, arxa nə boyda. Halbuki mənə belə şeylər yaddır. Bir-iki müğənni mənə deyəndə ki, “niyə çəkdirmisən?”. Dedim ki, sən get çəkdir, karikaturaya oxşayarsan. Mən özümə arxayınam, çəkdirmişəm, superdir. Onlara dedim ki, mən sizin kateqoriyanızdan deyiləm. Niyə utanmalıyam ki? Haram açıqdır ki? Bağlı kupalnikdir də. Və yaxud da Merlin Monro stilində çəkdirdim. Yubka qalxır, kukla kimi ayaqlar... Bilirsiniz, Azərbaycan çox geridə qalıb. Rusiyada, Türkiyədə bütün klipləri kupalnikdə, bikinidə çəkdirirlər. Bizdə kimsə birinci olanda, mən demirəm birinciyəm, Röya oldu kupalnikdə, sonra o birisi, bu birisi. O saat dedilər, oooy... 21-ci əsrdə yaşayırıq ey.
- Amma hamı qalır kənarda yenə də bütün iradlar sizə ünvanlanır...
- (Gülür) Hər dəfə “Çal-çağırda” (“Burda və indi”ni nəzərdə tutur) Dilarə mənim adımı çəkir. Elit Star Cəmilə bunu edir, onu edir. Deyirəm, məndən nə istəyirsiniz? Deyir ki, “bəs kimdən danışaq?” Misal çəkmək üçün bir adam olmalıdır, ya, yox?
- Açıq-saçıq şəkillər çəkdirəndən sonra çoxları özünü sizə bənzətməyə çalışdı...
- Mənə bənzədə bilməzlər. Çünki mən idmançıyam, rus xasiyyətli, başqa cürə insanam da... Azərbaycan mentaliteti üçün deyiləm. Mən həmişə demişəm, indi də deyirəm. Azərbaycan respublikası üçün mən 20 il tez doğulmuşam. Mənim 20 il öncə səhnədə elədiklərimi indiki müğənnilər edir. 20 il öncəki çəkilişlərimə nəzər salsaq, at üstündə, bilyard oynayarkən, mini yubkada, şortikdə ilk klipləri mən çəkdirmişəm. “Qayıt” mahnısına 95-ci ildə at üstündə çəkdirdiyim klip kinoplyonkaya çəkilmişdi. İngilis dilində oxuyan tək mən idim. O vaxt Azərbaycan başqa cür idi. Bir söz deyim. 94-95-ci illərdə Azərbaycan tam başqa cür idi. Elə bil respublika inkişaf edir, insanlar isə əksinə. Hamı çadralanmağa doğru gedir. Əvvəlki Bakı ilə indiki Bakını müqayisə edə bilmirəm. Elə bilki mən də başlamışam, yavaş-yavaş paltarımı uzadıram, yaxamı bağlayıram. Əvvəl belə şey yox idi. İstər müğənni, istər küçədə gedən. O qədər müasir Bakıda yaşayırdıq ki!?
- Cəmilə xanım, iki oğlunuz var, həm də nənəsiniz? Sizcə, indi sizə soyunmaq yaraşar? Onların müğənni Cəmiləyə münasibətləri necədir?
- Mənim gəlinlərim ikisi də rusdur, moskvalıdırlar. Biz rus təbiətli insanlarıq. Bizə belə şeylər eyib deyil. Biz müasir ailəyik. Azərbaycana çox hörmətim var. Burda yaşayırıq, işləyirik. Amma yaşam tərzim başqadır. Almanlar kimiyəm, nə qonşularla əlaqəm var. Mən anayam onların ixtiyarı yoxdur mənə nəyisə qadağan eləsinlər. Xoşuma gəlir edirəm. Mən özüm qərar verirəm, nəyi necə etmək lazımdır. Halbuki, mən onları çox müasir, gözəl böyüdüb, tərbiyə etmişəm. Hərəsi 6 dil bilir və Almanların şirkətində çalışır. Xaricdə yaşayırlar. Fəxr edirəm ki, belə oğlanlar böyütmüşəm. Oğlanlarıma desələr ki, ananın sinəsi açıqdır, kupalnikdə şəkil çəkdirir, onlara gülünc görünər.
- Deyirsiniz başqa təbiətliyəm, Azərbaycan mentalitetinə yadam. Bəs niyə xaricə köçüb övladlarınızla yaşamırsınız?
- İstəmirəm. Mənə burada xoşdur. Gedib-gəlirəm. Qohumlarım da xaricdədir. Mən bir yerdə bir aydan artıq qala bilmirəm. Niyə gedim həmişəlik ki? Ərə gedəcəyəm?
- Ərə getməkdən söz salmışkən. Bu barədə planınız var?
- Ailə ümumiyyətlə nəyə lazımdır, kimə lazımdır ki? (gülür)... İnsan ərə gedər ki uşaq doğsun. Mənim uşaqlarım da var, nəvələrim də. Özüm üçün işləyirəm, özümü saxlayıram, istirahət edirəm. Mən də vaxtında ərə getmişəm, uşağım da var. Mən 17 yaşımda ərə getmişəm. Uşaqlarım da 18-19 yaşlarımda dünyaya gəlib. Hər şeyi vaxtında etmək lazımdır.
- Onda belə çıxır ki, ərə ancaq uşağa görə getmək lazımdır?
- Deyir, insan o vaxt bir yerdə yaşayar ki, ayrı yaşamaq mümkün olmasın. Əgər ayrı yaşaya biliriksə bir yerdə yaşamaq lazım deyil. Sevgi olmayandan sonra ən yaxşısı tək yaşayıb istirahət etməkdir. Mənim o yaşım deyil. Mən o biri müğənnilərə qəti qarışdırmayın. Mən səhnəyə nə palatkadan gəlmişəm, nə də başqa şeydən. Mən biznesdən şouya gəlmişəm. Ürəyim istəyib oxumuşam. Dünyagörüşü barədə o biri müğənnilərlə tam fərqli sədd var aramızda.
- Cazibədar xanımsınız və təbi ki sevgi təklifləri alırsınız. Aldığınız sevgi təkliflərini necə qarşılayırsınız?
- O qədər təkliflər olur. Almasam, onda özümü qadın saymaram ki? Hamısını şirin dillə yola verirəm. Bu həyatda heç kimin xətrinə dəymək lazım deyil.
- Neçə ildir tək yaşayırsınız?
- 10 ildir.
- Demək, həyat yoldaşınızdan 10 ildir ayrılmısınız?
- Bəli. Artıq bəs idi.
- Yoldaşınızla əlaqə saxlayırsınız?
- Əlbəttə. Uşaqların ad günüdə görüşürük. Yayda bağa gedirəm. O da gəlir. Otururuq. Salam, kəlam var. Düşmən deyilik ki? Uşaqlarımın atasıdır. Onun mənə, mənim ona hörmətim var. İntilligent adamdır.
- Gəliriniz bircə toylardan olur, yoxsa şəxsi biznesiniz də var?
- Yox, mən elə şeyləri xoşlamıram. Alverçi kimi, get dükan aç, salon işlət. Mən “Lider” televiziyasında dublyajda işləyirəm. “Zəngimcell”dən yaxşı pul alıram. Mənim mahnılarım sevilir, telefonlarda var. Hərdənbir konsertlər olanda da gedib oxuyuram. Rusiyanın əksər şəhərlərinə tez-tez toylara, konsertlərə gedirəm. Məni orada çox sevirlər. Ayda iki dəfə gedib-gəlsəm bəsimdir. Mən hamıya tövsiyə edirəm ki, heç nədən beşəlli yapışmaq lazım deyil. Yaşamağa yerim var, maşınım var, bağım var, işim var, uşağım var, nəvəm var, çox şükür. Burda obyekt al, orda torpaq al. Yuxudan da oyananda, bəzi müğənnilər kimi, bilmirlər hansı obyektə qaçsınlar. Onlarda artıq beyin işləmir ki, yeni mahnı yazdırsınlar.
- Sirr deyilsə, “Zəngimcell”dən ayda nə qədər gəlir götürürsünüz?
- Olur da, hərdən az olur, hərdən çox olur.
- Toylarımızın fəal müğənnisi kimi “Toylar kraliçası” müsabiqəsinə niyə qatılmadınız?
- Mənə o verilişdə iştirak etmək üçün zəng elədilər, dedim, gedin başınıza dua yazdırın, Mən hara, “Toylar kraliçası” hara?!
- Bir neçə il öncə deputat seçkilərinə qatılmaq barədə fikriniz vardı. Qarşıdakı seçkilərdə namizədliyinizi verməyi düşünürsünüz?
- Bəli. Qarşıdakı beş ildə deputatlığa namizədliyimi verəcəyəm. Həm də mən Yeni Azərbaycan Partiyasının üzvüyəm.
- Sizcə dövlət sizə fəxri ad verəcək?
- Niyə verilməsin ki? 20 ildir səhnədə can qoyuram. Vaxtı gələndə verəcəklər. Hər şey vaxtında olmalıdır. Təəssüf ki, bizdə sənətkara ya qocalanda, ya da öləndən sonra qiymət verilir.
Nigar Məmmədli