“Cəmi 200 manat gülməli rəqəmdir...”

cemi-200-manat-gulmeli-reqemdir
Oxunma sayı: 7420

“Bələdiyyələr bəzən yersiz cərimələnirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Rzayev parlamentin Regional məsələlər komitəsinin iclasında bildirib. 

“Bələdiyyələr səlahiyyətlərində olmayan məsələlərlə yüklənirlər. Harada ağac qurudulur, yaşıllıq sulanmır, tullantı var və s. bələdiyyə cavab verməlidir. Bütün bunlar bələdiyyələrin nüfuzuna ciddi ziyan verir. Məhkəmələr qarşısına gedib hörmətdən düşürlər” , - deyə deputat vurğulayıb.

***

Millət vəkili  Kamran Bayramov isə bildirib ki, mənfəət vergisi ilə bağlı gülməli bir rəqəm qoyulub: “Ötən ilin 9 ayı üzrə cəmi 200 manat  pul yığılıb. Məruzədə göstərilib ki, dövlət büdcəsi tərəfindən ayrılan subvensiyalara görə, bələdiyyələrin istehsal və xidmət sahələrinin yaradılması baş tutub. Düşünürəm ki, bir neçə müəssisə yaradılıb fəaliyyət göstərir. Amma belə çıxır ki, onlar rentabelli deyillər. Gəlir əldə etmirlər ki, mənfəət vergisini ala bilmirlər. Cəmi 200 manat alınması gülməli rəqəmdir”.

Onun sözlərinə görə, məruzədə qeyd olunub ki, xidmət, istehsalat sahələri yanaşı istirahət parkları, futbol meydançası, qəbiristanlığın abadlaşdırılması kimi məsələlər məhz subvensiya üzrə layihələrə yönəldilib: “Düşünürəm ki, bu da yanlış bir istiqamətdir. Ona görə ki, dövlət subvensiya qismində bələdiyyələrə vəsait ayırırsa, həmin vəsait gəlirli layihələrə yönəldilməlidir. Bələdiyyə parkın salınması, qəbiristanlığın abadlaşdırılması ilə nə gəlir əldə edir? Futbol meydançasının salınması əladır. Belə ki, ödənişli ola bilər və bələdiyyə gəlir əldə edər. Bundan başqa hər hansı xidmət sahəsi yaradılar ki, gəlir əldə olunar. Bu baxımdan, subvensiyalar istehsal, xidmət sahələri müəssisələrinin yaradılmasına yönəldilməlidir”.

Zaur Mirzə