“Çətin ki, belə bir urvatsızlıq separatçıların “qüruruna” toxunsun...”

“Çətin ki, belə bir urvatsızlıq separatçıların “qüruruna” toxunsun...”
Oxunma sayı: 1528

“Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda Dağlıq Qarabağ separatçı rejimi “parlament” və “prezident” “seçkiləri” keçirdi. Və növbəti dəfə siyasi iflasa uğradılar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov rəsmi feysbuk səhifəsində yazıb.

O bildirib ki, tanınmayan separatçı rejimin keçirdiyi qondarma “seçkilərin” ən uğursuzu, el arasında deyildiyi kimi, urvatsızı məhz son seçkilər olub:

“Səbəblərdən biri ondan ibarətdir ki, heç bir dövlətin tanımadığı separatçı rejim tərəfindən təşkil edilən istənilən qondarma “seçki” tanınmır və tanına bilməz. Artıq neçə illərdir biz bunun şahidiyik. Separatçı rejimin mart ayının sonunda keçirdiyi qondarma “seçkilərin” urvatsızlığının digər səbəbi isə dünyanın başının koronavirus pandemiyasına qarşı mübarizəyə qarışması ilə əlaqədardır.

Əvvəllər bəzi dövlətlər Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımadığını mütləq bəyan edər, neqativ formada olsa da, ona münasibət bildirərdi. İndi isə həmin dövlətlər Dağlıq Qarabağ separatçılarının növbəti “seçkilərinə” belə bir “diqqəti” də ayırmağı özlərinə rəva bilmədilər. Bir sözlə, bu “seçkilər” separatçıların əvvəllər keçirdiyi seçkilərin hamısından daha böyük rüsvayçılıqla başa çatdı”.

Ə.Əhmədov qeyd edib ki, heç kimin tanımadığı rejimin, heç kimin görmədiyi, görmək istəmədiyi, duymadığı və duymaq istəmədiyi növbəti “seçkilər” keçirilib: “Çətin ki, belə bir urvatsızlıq separatçıların “qüruruna” toxunsun. Çünki erməni millətçiləri və separatçıları öz çirkin əməllərini həyata keçirməyə həmişə fürsət axtarıblar. Bu işdə onlara tay tapmaq mümkün deyil. Ona görə də dünyanı bürümüş koronavirus pandemiyası kimi fürsəti onlar əldən buraxa bilməzdilər və buraxmadılar. Lakin həmişə olduğu kimi, onların ənənəvi xain fürsətçiliyi yenə də özlərinə bumeranqa çevrildi”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi