Ceyhun Salmanov haqda qərar verildi - “Qurtuluş” olmadı+Yenilənib

ceyhun-salmanov-haqda-qerar-verildi
Oxunma sayı: 2384

“Qurtuluş” Reabilitasiya Mərkəzinin adam oğurluğu, qanunsuz azadlıqdan məhrum etmə, əzab vermə cinayətlərində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı məhkəməyə çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, prokurorluğun təqdimatına Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Məhkəmə istintaq orqanının ilkin sübutlarını əsaslı hesab edib.

Qərara əsasən, mərkəzin rəhbəri Ceyhun Bayramov ilə işçiləri - Elşad Məhərrəmov və Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi orada müalicə alan Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə məşhurlaşıb. Lakin sonradan jurnalist oradan qaçıb. Həmin ərəfələrdə mərkəzdəki qanun pozuntuları ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sözügedən mərkəzin pasiyentlər üzərindən reklam aparması ilə bağlı ötən il saytımızda yazı dərc etmişdik.

***

Sumqayıt şəhər prokurorluğu “Qurtuluş” Reabilitasiya Mərkəzində baş vermiş qanunsuzluqlarla bağlı 3 nəfər həbsi aqda məlumat yayıb.

“Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.