“Daha güclü və bütöv Ukrayna üçün regional tərəfdaşlıqlar önəmlidir”

daha-guclu-ve-butov-ukrayna-ucun-regional-terefdasliqlar-onemlidir
Oxunma sayı: 2541

“Qafqazinfo” Azərbaycanda fəaliyyət göstərən “Ukrainian Center”in Şamaxı Regional Mərkəzinin direktoru Rüstəm İsgəndərlinin müsahibəsini təqdim edir:

Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxı Şirvanın tarixi beşiyi sayılır. Qədim İpək yolunun da buradan keçməsi, şəhəri digər qitələrə ta qədimdən məşhurlaşdırıb.

Zəngin, əsrarəngiz təbiətə malik Şamaxı təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında verilən qərarla, 2023-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilib. Rayonda turizm inkişafı baxımından kifayət qədər ehtiyatlar mövcuddur, burada fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzi gələn turistlərin səyahət və ziyarətini asanlaşdırdığı üçün, şəhər Azərbaycana qonaq gələnlərin ilk seçimləri arasında yer alır.

- Niyə məhz Şamaxı ?

- Bildiyiniz kimi, Ukrayna Fəxri Konsulluğunun nəzdində fəaliyyət göstərən “Ukrayna Mərkəzi”nin Şamaxı Regional filialı artıq bir müddətdir fəaliyyətə başlayıb.

Rusiya – Ukrayna arasında müharibə başlamazdan öncə ölkələrimiz arasındakı münasibtə nəzər salsaq, Ukrayna və Azərbaycanın regionları arasında tərəfdaşlığın inkişafının dərin köklərə malik olduğunu görərik.

Ukraynanın Odessa və Gəncə şəhərləri, Truskavets və Quba şəhərləri, Lvov vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasındakı tərəfdaşlıq müqavilələri mövcud olub, İvano-Frankivsk vilayəti ilə Şamaxı rayonu arasında, Xarkov və Bakı şəhərləri arasında yeni əməkdaşlıq müqavilələrinin ləngiməsi isə hazırkı durumla əlaqəlidir.

Şamaxı ukraynalı iş adamları üçün vacib ərazidir. Ukraynanın Azərbaycanla Regional əməkdaşlıqda marağı tək kurort şəhərlərin əməkdaşlığı ilə deyil, müharibə ərəfəsində yaranan  xüsusi məqamlarla da izah edə bilərik. Mən burada qeyd etmək istəyərdim, Ukraynada baş verən hadisələr zamanı Azərbaycanın ilk dəstək göstərən ölkələr sırasında olmasını. Əlbəttə sosial, iqtisadi və psixoloji yöndə bu yardımlar hələ də davam etməkdədir. Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycana gətirilən ukraynalı uşaqların xüsusi  reabilitasiya keçməsi üçün seçilən şəhərlər arasında Şamaxının xüsusi yeri, Ukrayna Fəxri Konsulluğunun və “Ukrayna Mərkəzi”nin filialının burada yerləşməsidir. Onlar Ukraynanın bir hissəsi sayıla biləcək məkanlarda özlərini rahat hiss edirlər.

- “Ukrayna Mərkəzi”nin xüsusi sosial layihələr reallaşdırması, “Şamaxı Regional Mərkəzi”ndə də davam edirmi ?

- Bilirsiz, məqsədimiz ilk başdan fərqli olsa da, dediyim kimi daha sonra şəraitə uyğun reform etməyə məcbur olduq, müharibəni və müharibədən əziyyət çəkən insanları görməzdən gəlmək olmazdı, onları bizdən yaxşı kim anlayar ki, 30 illik işğal siyasətinin qurbanı olaraq. Bu baxımdan, Bakıda da, Şamaxıda da Fəxri Konsulluğun konsulluq dairəsi ərazisində də Ukraynaya humanitar yardımların toplanması və müharibə səbəbilə Ukraynanı tərk edən ukraynalılara mütəmadi yardım, dəstək göstəririk. Beynəlxalq yardım təşkilatlarının marağındayıq, daima görüşlər keçirilir bu istiqamətdə.

Bu yaxınlarda isə “Ukrainian Center”də həyata keçirilən “Azərbaycan və Ukrayna dili – şagirdlərin inteqrasiyası” layihəsinin davamı olaraq, “Şamaxıda ukraynalı şagirdlər üçün yay məktəbi” layihəsini də reallaşdıracağıq. Məqsəd, Mərkəzdə tətilə çıxacaq uşaqların bu dönəmi səmərəli keçirmələridir.

- Şamaxının son illər iqtisadi inkişafı danılmazdır. Perspektivdə görüləcək işlər hər iki ölkəyə hansı faydaları vəd edir ?

Prezident İlham Əliyevin fərmanı ilə, hazırda Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir. Fəxrlə deyə bilərik ki, Şamaxı da bu proqram üzrə öndə gedən bölgələrdəndir. İqtisadi faktdır ki, Azərbaycan keçmiş Sovetlər məkanında ən çox çaxır istehsal edən region idi, 28600 hektar əraziyə malik üzüm sahələri ilə bir zamanlar Şamaxı, nəinki Moldova və Gürcüstandan, hətta İspaniyadan da öndə idi.

Bildiyiniz kimi, sovetlər dönəmində məqsədli və uğursuz siyasətlə məhv olan üzüm sahələri, hazırda inkişaf proqramına uyğun həm genişləndirilir, həm də səmərəliləşdirilir. Qeyd edim  ki, 2019-cu ildə keçirilən “Şərab festivalı” zamanı xaricdə yaşayan bir çox ukraynalı iş adamları ilə tərəfdaşlıq müqavilələri barədə razılığa gəlindi.

Ümumiyyətlə, Şamaxı ərazi olaraq böyük tədbirlərin keçirilməsi üçün əlverişli yerdir. Bu istiqamətdə aparılan tədbirlərdən biri də, burada beynəlxalq tədbirlərin keçirilməsi üçün ev sahibliyi etməyə təşviqat aparmaqdır. Elə, bir neçə gün əvvəl qonağı olduğunuz “Azərbaycanda ilk Hava şarları Festivalı”nı da gözəl nümunə olaraq göstərə bilərik.

 Şamaxı ərazisindən Azərbaycanı Gürcüstanla və daha sonra Ukrayna üzərindən Qara dəniz regionu və Avropa qitəsindəki ölkələrlə birləşdirən strateji iqtisadi-nəqliyyat kommunikasiya rolunu oynaması yəqin ki, hər iki ölkənin tarixi missiyasıdır. Ola bilər burada, həm də oxşar talelər rol oynayıb.

Ümid edirik ki, müharibə tez bir zamanda ədalətli və artıq tələfat olmadan bitəcək və biz iki ölkə arasındakı dərin tarixə dayalı münasibətləri qaldığı yerdən davam etməyə başlayacağıq.