“Daha tablaya bilmirəm, çıxar əynimdən, əynimdən...”

daha-tablaya-bilmirem-cixar-eynimden-eynimden-
Oxunma sayı: 3331


  





Sənə oxşayırdı biraz


 Bu səhər bir adam gördüm,
 Sənə oxşayırdı biraz...

Bu dünyalı olmadığı
Hər halından bəlli idi.
Xeyli tamaşa elədim,
Təbəssümü elə doğma,
O qədər sevimli idi.
Ən dəli ağıllı idi,
Ən ağıllı dəli idi,
Sənə oxşayırdı biraz…

Təzə açmış çiçək kimi,
Təzə gəlmiş yaz kimiydi.
Ruhuma çəkmişdi biraz,
Ruhumla əkiz kimiydi.
İçi qaynar, od-alovlu,
Baxışları buz kimiydi,
Sənə oxşayırdı biraz...

Üzünün aydınlığında,
Ən gizli sirrimi gördüm.
Üzünə çıxmışdı xatirələri...
Toz basmış  xatirələrdə,
Eşq qoxuyan, sevgi dadan
Havalı birini gördüm,
Mənə oxşayırdı biraz...

Ey ruhu saf, qəlbi təmiz,
Ey Allahın pak qonağı,
Uzaqların ən doğması,
Doğmaların ən uzağı,
Bu səhər bir adam gördüm,
Sənə oxşayırdı bir az...
Həm sənə, həm də ki, elə
Mənə oxşayırdı biraz...


Sevgi yoluxdurdum adamlara mən


Mən  arzu dəlisi oldum ilk gündən,
Doldu içim, çölüm arzularla tən.
Arzular cücərdi hər tərəfimdən,
Allahdan səadət diləyən kimi.

Hey seçdim, ələdim arzularımı,
Ruhuma çilədim arzularımı.
Şeirlə bələdim arzularımı,
Ana körpəsini bələyən kimi.

Nifrəti içimdə çəkdim dara mən,
Dedim şad olaram bundan sonra mən.
Sevgi yoluxdurdum adamlara mən,
Balaca toxunan, əl dəyən kimi...

Gör necə yanıldım mən, başıma kül,
Dedilər şirindi xoşbəxtlik zibil,
Dadmaq həvəsiylə 27 il,
Düşdüm arxasınca süləyən kimi.

Arzular qəlbimi dalayır indi,
İçimi çirkləyir, bulayır indi.
İçim tənhalıqdan ulayır indi,
Gecələr yalquzaq ulayan kimi...

             SEVGİM

Özünü nə yaman naza çəkirsən,
Xoşuna gəlmədi, qadası, sevgim?
Neyləyək, görünür sənlik deyilmiş,
Göylərin qəribə butası sevgim.

Kim nəyi, nə vaxtsa düz eləmədi,
Abrına qısıldı, səs eləmədi.
Nə oldu tək sənə bəs eləmədi,
Bütün insanlığa çatası sevgim?

Yeyib içərimdə nifrəti, kini,
Yeyib qəzəbimi, yeyib hirsimi.
Sonsuz deyil sənin inadın kimi,
Dərdimin, qəmimin atası sevgim.

Həsrətdən yoğrulub, şirin həsrətdən,
Ülvi bir kədərdən, ali bir dərddən.
Arvaddan, uşaqdan, vardan, dövlətdən,
Olanım bir budur, budur, bu sevgim...

BU ÖMÜR ÇOX SIXIR MƏNİ

Bəzən edib şəkk, sevdiyim,
Növ-növ, rəngbərəng sevdiyim,
Ey görmədən, tək sevdiyim,
Səni sevdim, başqa sevda,
Keçməz eynimdən, eynimdən.

İçimdəki istəyimlə,
Min arzumla, diləyimlə,
Di gəl, sevən ürəyimlə,
Bu sevgisizlər içində,
Bilməm neynim mən, neynim mən.

Kədər adlı fağır məni,
Hey yandırıb, yaxır məni.
Bu ömür çox sıxır məni,
Daha tablaya bilmirəm,
Çıxar əynimdən, əynimdən...