Daxili qoşunlarla bağlı qanun layihələri qəbul edildi - Yenilənib

daxili-qosunlarla-bagli-qanun-layiheleri-qebul-edildi
Oxunma sayı: 448

Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qanun layihəsini Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri aşağıdakılar olacaq:

-    qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq və azadlıqlarına hörmət;

-    vahid və mərkəzləşdirilmiş rəhbərlik;

-    daxili qoşunların hərbi quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;

-    beynəlxalq hərbi quruculuq təcrübəsindən səmərəli istifadə;

-    döyüşə və səfərbərliyə daimi hazırlıq;

-    döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi;

-    dövlət sirrinin qorunması;

-    hərbi intizamın möhkəmləndirilməsi;

-    şəxsi heyətdə Azərbaycan Respublikası, Azərbaycan xalqı, hərbi anda sədaqət hissin, öz Vətəninin tarixi və ənənələrinə dərin məhəbbət, Vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılması;

-    daxili qoşunlarda siyasi partiyalar, qeyri-hökumət təşkilatları və dini qurumların yaradılması və fəaliyyətinin qadağan edilməsi;

-    gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi.

Bununla yanaşı, daxili qoşunların fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:

-    konstitusiya quruluşu, suverenlik, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;

-    terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə iştirak etmək;

-    fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsi, fövqəladə vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

-    Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak etmək;

-    Yuxarıda nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək.

***

Digər layihəyə əsasən, daxili qoşunların tərkibi müəyyənləşdiriləcək.

Layihəyə görə, daxili qoşunların tərkibi aşağıdakılardan ibarət olacaq:

-    idarəetmə orqanı;

-    daxili qoşunların funksional vəzifələri üzrə hərbi hissə və bölmələr;

-    xüsusi təyinatlı təhsil müəssisələri;

-    təminat hərbi hissə və bölmələri.

***

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən şəxslərin saxlanılması qaydaları da müəyyənləşdirilir.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının aşağıdakı şəxsləri saxlamaq hüququ olacaq:

-    inzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsləri;

-    axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri;

-    fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;

-    daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxsləri.

Saxlanılan şəxslərə dərhal saxlanmanın səbəbləri bildirilməli və hüquqları izah edilməlidir. Saxlanılan şəxslər dərhal ən yaxın polis orqanına təhvil verilməlidir.

Tibbi zərurət olduğu halda saxlanılan şəxsə ilk tibbi yardım göstərilməlidir.

Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı