Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən mərasim və Ulu Öndərin əziz xatirəsində ithaf olunan “Duman çəkiləndə” romanının təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Eldar Quliyev, Anar Məmmədov, diplomatlar, elm xadimləri və ekspertlərin iştirak etdiyi tədbirdə Ümummilli Liderin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Rəsmi açılışda Türkiyə Prezident Kitabxanaları Departamentinin sədri Ayhan Tuğlu, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri professor Aygün Attar və romanın müəllifi Sabir Şahtaxtı çıxış ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, dünyaşöhrətli siyasətçinin dövlətçilik ideologiyası, Azərbaycan-Türkiyə qardaşlığının inkişafına verdiyi töhfələrdən bəhs olunub.
Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbənin Türk dünyasının həmrəyliyinə tarixi təsirindən bəhs edilib.
Yazıçı-publisist Sabir Şahtaxtının qələmə aldığı “Duman çəkiləndə” siyasi-tarixi romanı haqqında fikir və düşüncələrini ifadə edən natiqlər əminliklə bildiriblər ki, Vətən müharibəsinin bütün əzəmətini özündə əks etdirən əsər hər zaman ədəbiyyatsevərlərin qəlbini oxşayacaq. Natiqlər qeyd ediblər ki, əsər məhz Ali Baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətin tərənnümüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində Azərbaycana verdiyi siyasi-mənəvi dəstək Türkiyə xalqını səfərbər edib. Roman ümumilikdə Azərbaycan xalqının dövlətçilik arzusunu özündə əks etdirir.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən nadir orijinal fotolardan ibarət sərginin açılışı olub.







Son xəbərlər
Son Xəbərlər