Deputatlar prezidentin çıxışı haqda... - "Papaqlarını qabaqlarına qoyub..."

deputatlar-prezidentin-cixisi-haqda
Oxunma sayı: 8557


“Qafqazinfo”  xəbər verir ki, dövlət başçısı iclasda ölkədə tikinti sahəsində bir sıra qanunsuzluqların, özbaşınalıqların baş verdiyini, məmurların xalqla münasibətdə yaxşı davranmadığını, vəzifəli şəxslərin ailələrinin cinayət törətdiyini və bunu müxtəlif qanunsuz yollarla gizlətdiyini, heç kimin toxunulmaz olmadığını, qanunsuzluq edənlərin işdən çıxarlıb cinayət məsuliyyətinə cəlb ediləcəyini, bələdiyyələrin icra başçılarının filialına çevrildiyini deməsi  ictimaiyyət tərəfindən böyük maraqla  qarşılanıb. 

“Qafqazinfo” dövlət başçısının sərt xəbərdarlığından sonra yüksək vəzifəli məmurların özünü necə aparacağı, bu yöndə prosesinin necə gedəcəyi ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.

Böyük Qurtuluş partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, dövlət başçısının dünənki iradlarından məmurların nəticə çıxaracağını deməkdə çətinlik çəkir:  “Çünki pul, vəzifə, imkanlar, komfort o qədər bu məmurların gözlərini örtüb ki, böyük əksəriyyəti həyat tərzində, vətəndaşa münasibətində dəyişiklik etmək niyyətində deyillər. Amma  prezidentin bu addımı kifayət qədər açıq, dürüst, birmənalı olaraq problemə münasibəti ortaya qoyur. Yəni artıq bu ölkəni elə idarə etməliyik ki, vətəndaş narazı qalmasın, vəzifədən istifadə edilərək ona hər hansı şəkildə problemlər yaradılmasın.  Həmin problemlər dəfələrlə Milli Məclisdə deputatlar tərəfindən qaldırılıb. Məsələn, dənizin hasarlanması məsələsinə reaksiya verən varmı? Dənizi insanlardan gizlətmək üçün hər  cür vasitəyə əl atıblar. Yaxud  qiymətlər məsələsində. İstənilən qiymətdə məhsulu vətəndaşa təqdim edirlər, amma buna nəzarət yoxdur.  Yüzlərlə insan ev tikintisində dələduzluq problemi ilə üz-üzə qalıb. Amma dəyişən nəsə varmı? Onlarla insan bizə müraciət edir, amma problemlərini həll edə bilmirik. Azərbaycanda elə bəsit hüquq pozuntuları yayğınlaşıb ki, bunun qarşısnı almağın, üzərinə getməyin mümkün olacağını  deməkdə çətinlik çəkirəm”. 

F. Mustafa vurğulayıb ki, ölkə başçısının dünənki çıxışı göstərdi ki, belə bir iradə var: “Amma bu, təkcə prezidentə aid olan iradədir.  Problemlərin icrası ilə bağlı məmurlar tərəfindən nə qədər vicdanlı davranış ortaya qoyulacağı açığı məndə şübhə doğurur. 

Kiminsə işdən çıxarılması ilə yerinə ondan daha yaxşı və ya daha pis kadr gələcəyini proqnozlaşdıra bilmərik. Kadr dəyişilməsi ilə məsələ həll olunmur.  Hamıya tətbiq edilən birmənalı hüquq qaydaları ilə məsələ həll olunur. Bizdə adam mexanizmi işlətmir ki, mexanizm adamı işlədir”.

Millət vəkili bələdiyyələrin fəaliyyətinə edilən xəbərdarlıqdan sonra hər hansı dəyişiklik olacağını da güman etmir: “Qanunda bələdiyyələrin fəaliyyəti xeyli məhduddur. İcra başçılarının yanaşması odur ki, bələdiyyələr onların qulluqçuları olmalıdır.  Hər bir bələdiyyəyə təcrübəsi olmayan, icra başçısına yaxın adamlar  üzv seçdirilir.  Qaradağda bizim partiyadan təcrübləli bir adam sədr idi. Növbəti seçkidə icra başçısı imkan vermədi ki , partiyadan bir nəfər bələdiyyəyə üzv seçilsin. Xalqın tanıdığı ünsiyyət qura builən adamlar bələdiyyə üzvü seçilməlidir.  Prezidentin dediyi haqlıdır. Amma bələdiyyələrə status verilməlidir ki, icranın, bələdiyyənin sərhədinin nə olduğu bilinsin”.  

Millət vəkili Zahid Oruc hesab edir ki, ölkə başçısının dünənki iclada çıxışı hökumət üzləri, icra hakimiyyəti orqanları və bütövlükdə məmurlar üçün bir dövlətçilik dərsi oldu: “Biz qarşımızda təkcə dinc və təhlükəsizlik dövründə deyil, eyni zamanda milləti üçün  hər hansı bir təhlükə anında qətiyyətli və sərt bir lideri gördük.  Bir daha cənab prezident xalqın ağrılarını çiyninə götürən, lakin bununla belə əzmkarlıqla ölkəsinin gələcəyinə doğru addımlar atmağı bacardığını sübuta yetirdi.  Heç şübhəsiz ki, ilk növbədə hökumətin müxtəlif strukturları arasındakı bir sıra rabitəsizlik, ayrı-ayrı hallarda qanunsuzluğa yol verilməsi hallarına sərt şəkildə münasibətini bildirən dövlət rəhbəri əslində məmurlar üçün mənim aləmimdə sonuncu xəbərdarlığını verdi. Bu, müəyyən mənada yeniləşmə kursunun  anonsu da sayıla bilər. Hesab edirəm ki, vətəndaşların maraqlarına zidd fəaliyyət göstərən,  etimadını itirmiş, müəyyən mənada kritik situasiyalarada məsuliyyəti öz çiynindən atan məmurların əvəzlənməsi üçün açıq siqnallar verildi. Ölkə rəhbəri sübuta yetirdi ki, bütün bu proseslərin fərqindədir, onların hər biri haqqında istənilən məlumatları alır və vəziyyətə nəzarət edir”.

Z. Oruc hesab edir ki, bu şəraitdə prezidentə bir-birinə zidd olan məlumatların verilməsi onu göstərir ki, hələ də dövləti məsuliyyət anlayışı bir çox qurumlarda yoxdur: “Əlbəttə ki, Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsi fonunda deyilən  “toxunulmaz şəxslər yoxdur”  kəlməsi bütövlükdə məmurlara da aid idi.  Xüsusi imtiyazı olan, hər hansı səbəblərdən indulgensiya qazanmış məmur yoxdur mesajı dünən cəmiyyət üçün də verilmiş oldu. Dünənki müşavirə Azərbaycan cəmiyyətinə məlum  faciə üzərindən narahatlıq keçirən insanların ağrılarına təsir göstərdi. Əslində, ölkə rəhbərinə xalqın inamı və sevgisi onun istənilən məmurun iradəsi qarşısında dayana biləcəyini sübut edir. Əminəm ki, bu müşavirə bütün əvvəlki  mesajlardan daha da irəli gedərək  xalqla işləyə bilməyən, vətəndaş maraqlarını tapdalayan qüvvələr üçün son şansdır”.

Onun sözlərinə görə,  dövlət  başçısı özünün missiyasına görə dünən onun çöhrəsində, bütövlükdə bu hadisə ilə bağlı fikirlərində bir daha sübuta yetirdi ki, o, dünyaya fəqli bir Azərbaycam çıxarmaq istəyir: “ Bütün çalışmaları, hər günki təqdimatları, açılışları məhz bu millətin simasının dünyaya güclü xalq kimi təqdimatına xidmət edən hadisələrdir. Kimsə buna zərbə vurursa, bunun artıq bağışlanması yoxdur”.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov  qeyd edib ki, hökumətin hər keçirdiyi müşavirədə dövlət başçısı məmurlara vətəndaşların problemlərini həll etməli, hər şey əhali üçün olduğunu dəfələrlə bildirib: “Hər bir məmur ona görə vəzifəyə təyin olunub ki, xalqa xidmət etsin. İnsanları narazı salmasın, salınan bütün parklar, məktəblər, xəstəxanalar və  hamısı xalq üçündür. Amma təəssüflər olsun ki, bəzi məmurlar verilən tapşırıqlardan düzgün istifadə etmir. Nəticədə qanunsuzluqlar, hadisələr baş verir. Qanunun tələbinə uyğun hər hansı funksiyanı yerinə yetirməyəndə bu zaman da yeni yeni problemlər yaranmağa başlayır.  Bunlar da bəzi hallarda insan itkisi, bəzilərində isə dövlətə külli miqdarda ziyan dəyməsi ilə nəticələnir”.

Millət vəkili əlavə edib ki, qanunvericilik kifayət qədər bələdiyyələrə səlahiyyət verib: “Ancaq bu səlahiyyətlərdən bələdiyyələr başqa istiqamətdə istifadə edirlər.  Tutaq ki, onlar üçün  ayrılan torpaq sahəsində bağçalar açmaq, fermer təsərrüfatları yaratmaqla əldə edilən gəlirlər vasitəsilə abadlıq işləri görmək olar. Amma onlar bu  torpaqları dəyər-dəyməzinə kimlərəsə satırlar, cüzi qiymətə icarəyə verirlər ki, bu da yolverilməzdir.  Hesab edirəm ki, burada olan nöqsanlar da qısa müddətdə aradan qaldırılmalıdır”.

Məmurlara bir neçə dəfə xəbərdarlıq edilməsinə rəğmən yenə də dövlət başçısının iradəsinə zidd həərkətlərinə yol verməməsinin səbəbinə gəlincə isə, millət vəkili vurğulayıb ki, bunu bütün məmurlara şamil edə bilmərik: “İnsan olan yerdə problemlər də olur. Bəziləri verilən tapşırığı, göstərişi layiqincə yerinə yetirmirlər. Bu zaman da tutduğu vəzifədən azad olunur və cəzalandırılır. Ona görə də hər bir məmur papağını qabağına qoyub ciddi fikirləşməlidir. Prezidentin verdiyi tapşırıqları layiqincə yerinə yetirməlidir”.

Günel Türksoy