“Əgər bəraət alarsam...” - - Dələduzluqda ittiham olunan hakim

eger-beraet-alarsam-
Oxunma sayı: 4144


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

“Qafqazinfo”ya açıqlamasında zərəçəkən iş adamı Ramazan Səlimovun vəkili İradə Cavadova bildirib ki, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçən prosesdə  məhkəmə tərkibinə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin məhkəmə sədri ilə dostluq münasibətlərinin olması ilə bağlı etiraz verib. Lakin məhkəmə etirazı qəbul etməyib.

İ.Cavadova təqsirləndirilən şəxs  Həsən Əliyevin də işin Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasına etiraz etdiyini bildirib. H.Əliyev hakimlə ciddi dostluq münasibətlərini olduğunu əsas gətirib: “Əgər mən bəraət alarsam, sədrlə olan münasibətim şübhə yarada bilər”. 

Bundan başqa, vəkil qeyd edib ki, baxmayaraq ki, dəymiş zərər R.Səlimova ödənilməyib və iş ağır cinayət kateqoriyasına aiddir, lakin məhkəmə H.Əliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Vəkil İradə Cavadova iş materialları ilə tanış ola bilmədiyini, bu səbəbdən məhkəmənin oktyabrın 10-a təxirə salındırğını bildirib. 

Qeyd edək ki, yayılan məlumatlara görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev isə R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E.Məmmədov həbs edilib.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

Onu da xatırladaq ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı idi. Amma məhkəmə heyətinin üzvləri uzun illər H.Əliyevlə bir yerdə işlədiklərini əsas gətirərək işə baxmaqdan imtina etdilər. Bunu da işin obyektiv aparılması istəyi ilə izah etdilər