“Əsas məqsədlərimizdən biri də operanı bizim ölkədə tanıtdırmaqdır. Amma bu, asan məsələ deyil. Çünki opera televiziyada və internet portallarında çox da məşhur sənət deyil. Etdiyimiz layihələrlə çalışırıq ki, operaya yeni tamaşaçılar gətirək”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Real TV-də yayımlanan “Real İntervyu” verilişində qonaq olarkən bildirib.
O eyni zamanda təqdim olunan tamaşalara verilən yeni quruluşdan danışıb:
“Dünya teatrlarında belə bir təcrübə var, operaları yeni quruluşda, yeni ifalarda tamaşaçıya təqdim etmək. Klassik operaları müasir rejissor işində təqdim etmək teatrın inkişafı deməkdir. Çünki tamaşaçı 20-25 il gəlib “Leyli və Məcnun”a, “Koroğlu”ya baxır. Köhnə səhnələr, köhnə kostyumlar... Amma yeniliklər olanda, bu, birbaşa teatrın inkişafına səbəb olur”.
“Mən həmişə deyirəm ki, bir problemin həlli onu qəbul etməkdən və onu danışmaqdan başlayır. Əgər problem varsa, biz onu qəbul edib danışmalıyıq, digər teatr rəhbərlərindən fikirlər eşitməliyik. Çünki bu, tək adamın işi deyil”, - Y. Eyvazov Beynəlxalq Opera Forumunda müzakirə olunan məsələlərdən danışarkən bildirib.
Son xəbərlər
Son Xəbərlər