500 manatlıq cərimə məsələsinə deputatlar da narazılıq edir

500 manatlıq cərimə məsələsinə deputatlar da narazılıq edir
Oxunma sayı: 3930

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli ötən gündən etibarən Mülki Prosessual Məcəlləyə təklif edilən və vəkillər tərəfindən tənqid edilən məsələyə münasibət bildirib. O, məhkəməyə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfin, onun nümayəndəsinin və ya vəkilinin 500 manatadək cərimə edilməsi haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, Ə. Hüseynli parlamentdə qeyd edib ki, tənqidlər cərimələrin artırılması ilə bağlıdır: “Qanuna dəyişiklik isə işlərin düzgün baxılmasına aşkar sürətdə maneçilik törədilməsiylə bağlı həyata keçirilir. Birincisi qeyd edim ki, başqa qanunda məhkəmə xərcləri fəslində belə bir müddəa da var. Əsassız iddia təqdim etmiş şəxs üçün cərimə məbləğinin 55 manatdan 500 manata qaldırılması təklif olunur.

Bununla bağlı diskussiya apara bilərik. Bu məsələ məhkəmənin nüfuzunun qaldırılmasına yönəlib. Necə ola bilər ki, məhkəmə prosesinə hörmətsizlik edilsin?! Məbləğə növbəti oxunuşlarda baxa bilərik. Təklif olunur ki, ikinci oxunuşa qədər vəkillərin, ictimai şəxslərin iştirakı ilə iclas keçirilsin. Hesab edirəm ki, məbləğlə bağlı razılaşma olacaq”.

***

Deputat Fazil Mustafa isə qeyd edib ki, bu dəyişikliklərlə hakimin işini yüngülləşdirmək üçün vətəndaşın hüquqları pozulur: “Necə müəyyən edəsən ki, vəsatət əsassızdır? Tutaq ki, bir deputata vətəndaş gətirib şikayət verir və deyirsən ki, şikayət məzmuna, predmete uyğun deyil. Biz buna görə vətəndaşı 100 manat cərimələyəkmi? Məhkəmə çəkişmə yeridir. Bir balaca diribaş vəkili müvafiq qurumlar imkan vermirlər fəaliyyət göstərməyə. Vəkilliyi dövlət məmuru statusunda görməkdən imtina edilməlidir. Bu, qəbul edilsə, hakimin əlində fakt olacaq ki, vəsatətdən imtina etsin. Məhkəməyə müraciəti məhdudlaşdırmalı deyilik. Vətəndaş məhkəmədən uzaq qalanda küçə "razborka"sı artmağa başlayacaq. Bu da təhlükəli tendensiyadır”.

***
Müzakirələrdə çıxış edən deputat Qənirə Paşayeva da mövzuya münasibət bildirib: “Belədirsə, bəs əsassız qərar çıxaran hakim niyə cərimə ödəməməlidir ki? Axı onlar da buna görə cavab verməlidir. Biz isə bunu görmürük. Əgər təklif edilən dəyişikliklər qəbul edilsə, Milli Məclisin qapılarında vətəndaşların şikayətini dayandıra bilməyəcəyik. Deyəcəklər ki, rüsumu ödəyə bilmirik, buna görə də məhkəməyə müraciət edə bilmirik”.

***

Qanun layihəsinə təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Günel Türksoy