“Əlilliyi olub övladlığa götürülən uşaqların sayı 40 faiz artıb”

elilliyi-olub-ovladliga-goturulen-usaqlarin-sayi-40-faiz-artib
Oxunma sayı: 296

“Pensiya məbləğlərində artım tendensiyası davam etməkdədir. Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdan keçib və bu, ölkə əhalisinin 10.7 faizi deməkdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, pensiyaçıların 65 faizi yaşa görə pensiya alır:

“2025-ci ildə pensiya məbləğləri 9.1 faiz artaraq 541.6 manata çatıb. Yaşa görə pensiya məbləğində 8.9, əlilliyə görə pensiya məbləğində 8.7, ailə başçısını itirməyə görə pensiya məbləğində isə 9.4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinət alanların sayında isə 4.1 faiz artım var. Hazırda 472 min vətəndaşımız aylıq müavinət alır. Çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalmaqdadır. Çoxuşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7.3 faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinət alan ailələrin sayında isə 17.6 faiz artım olub”.

“Son təşviqedici dəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqların sayı 40 faiz artıb. İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olan daha çox uşaqların övladlığa götürülməsinə imkan yaradıb. 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb ki, bu vəsaitlər ödənilən zaman ailədəki uşaqların sayı da nəzərə alınır”, - millət vəkili qeyd edib.

Nuranə Daxilqızı