İstəyirsən, sənə kömək edim: atan qətlə yetiriləndə sən çox balacaydın. Hətta o qədər balacaydın ki, yoğurt yeməyi də yenicə öyrənirdin. Atan hər gün sənə yoğurt alırdı ki, tez böyüyüb, ona arxa-dayaq olasan. Yadına gəlir, bir gün atanı gözləyə-gözləyə yuxuya getdin? Səhər pilləkəninizə dağılmış yoğurt qutularını gördünmü? Bax, onlar sənin payın idi! Atan ovcunun içində bərk-bərk sıxmışdı ki, yerə tökülməsin. İndi yadına düşdü? Çox sevidyin çiyələkli, bananlı yoğurtları gözləyə-gözləyə yuxuya getdiyin gecə atanı öldürdülər.
Aslan, bilirsənmi, atan qətlə yetirildikdən sonra mən heç vaxt oğluma yoğurt almadım. Sonra bildim ki, jurnalistlərin çoxu bu cür edib. Biz dostları atanın ruhunu incitməkdən qorxurduq. Aradan 8 ilə yaxın zaman keçməsinə baxmayaraq, hər dəfə Elmarı xatırlayanda gözümün qabağına pilləkənlərə dağılmış yoğurt qutuları gəlir...
Balaca dost, eşitdim ki, məktəbə gedirsən. Lütfən söylə: yazıb-oxumağı, qələm tutmağı öyrəndinmi? Anan sənə qələmin müqəddəs olduğunu söylədimi? Bunu mənə özümdən böyüklər deyiblər, məqamı gəldiyi üçün mən də sənə söyləyim: qələmini qır, amma satma! Eynən atan kimi...
Aslan, məktəbdə sizə birinci hansı hərfi öyrətdilər? Sən “ata”, “ana” sözlərini hansı dildə yazırsan? Yadımdan çıxmamış bunu da soruşum: səni məktəbə kim aparır? Uşaqlar atanın harda olduğunu soruşanda onlara nə cavab verirsən? Sinif yoldaşların atanın söz uğrunda şəhid olduğunu bilirlərmi? Bunu mütləq onlara söylə. Əgər inanmasalar bizləri - atanın qələm dostlarını, həmkarlarını şahid göstər. Onsuz da Elmarın ölümünə şahidlik etməkdən başqa bizim əlimizdən heç nə gəlmədi...
Aslan, əziz bala, Norveçdə mühacir həyatı yaşayan Sadiq əmidən dünən məktub almışam. Sadiq əmi yazıb ki, Osloda qar yağır. Onun məktubunu oxuyanda, səni düşünüb, üşüməyə başladım. Dünəndən bəri beymində bir yığın sual dolaşır: görəsən, Aslanın məktəbə geyinməyə isti köynəyi, yun əlcəyi varmı? Aslan, anan sənə dəri gödəkçə, uzunboğaz çəkmə aldımı? Gəl, əmin sənə bir məsləhət versin: üşüyəndə, ananın ağuşuna sığın. Dünyada ana qucağından isti yer yoxdur...
Aslan, sonda sənə bir sualım da olacaq: dünyada ən şirin nemətin vətən olduğunu bilirsənmi? Onu da bilirsənmi, vətən hətta anadan da əfzəldir. Əgər belə olmasaydı, biz vətənə Ana Vətən deməzdik. Çalış ki, vətəni də ana kimi sevəsən. Çünki bir vaxtlar atan da belə sevmişdi. Qarşılıqsız, təmənnasız...
Əziz bala, indi sənin əsas vəzifən yaxşı-yaxşı oxumaq, bütün elmlərin sirrinə vaqif olmaqdır. Mən inanıram ki, nə qədər uzaqda olsan da, bir gün geri dönüb, öz vətəninin işıqlı gələcəyi üçün çalışacaqsan. Torpaqlarının 20 faizi işğal altında olan bu ölkənin aslanlara ehtiyacı var...
Son xəbərlər
Son Xəbərlər