Ən çox əməliyyat bu xəstəxanalarda icra olunur

en-cox-emeliyyat-bu-xestexanalarda-icra-olunur
Oxunma sayı: 5388

“Bu ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin 50%-i icbari tibbi sığortadan yararlanıb. Bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

O qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə də artım müşahidə olunur. Keçən illə müqayisədə müraciətlərin sayında 4%, xidmətlərin sayında isə 12% artım olub: “Ötən ilin ilk 10 ayı ilə müqayisədə bu ilin ilk 10 ayında həm əməliyyatların, həm də prosedurların sayında 5% artım olub. Bu artım tibbi xidmətlərə olan əlçatanlığın yüksəldiyini göstərir.

Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlara gəldikdə isə bir neçə istiqamət ön plana çıxır. Bunlar əsasən ginekoloji, uroloji və oftalmoloji əməliyyatlardır.

Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır”.

A. Əhmədovanın sözlərinə görə, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur.

O, bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanaların da daxil olduğunu əlavə edib: “Bu müəssisələrdə icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb. Bu artım özəl sektorun xidmətlərindən istifadə dinamikasının yüksəldiyini və vətəndaşların ehtiyac olduqda özəl sektorda da icbari tibbi sığorta çərçivəsində xidmət ala bildiyinin göstəricisidir. Müraciətlər əsasən bir sıra cərrahi xidmətləri əhatə edir. Bunların sırasında invaziv radioloji xidmətlər, oftalmoji əməliyyatlar, ürək-damar cərrahiyyəsi, uroloji və ümumi cərrahiyyə üzrə əməliyyatlar üstünlük təşkil edib”.

Departament rəhbəri qeyd edib ki, bu ilin ilk 8 ayında özəl tibb müəssisələrində göstərilən xidmətlərin müqabilində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 302 milyon manatdan çox vəsait ödənilib.

Gülnar Əliyeva