Onlar “Qırmızı körpü” deyilən yerdə görüşməli idilər. Artıq bir-birlərini uzaqdan görmüşdülər. Gözlərini bir-birindən çəkmədən hər ikisi sanki uçurdu. Hər ikisi həyəcandan titrəyirdi. Düz səkkiz il idi ki, bu görüşün həsrətində idilər. Düz səkkiz il idi ki, bu görüşün planını cızırdılar. Nəhayət… Nəhayət qovuşmaq üçün ikicə addım qaldı. İkicə addım gözqırpımında onları bir-birinin ağuşuna atdı.
- Sənə qurban olum. Canım mənim. Görəsən bu yuxu deyil ki?
- Yox ana - deyərək Samir anasının ağappaq saçlarına sığal çəkdi.
Hər ikisi onları görüşdürən körpüdə kimsə yoxmuş kimi bir-birlərinə sarılaraq səssiz-səmirsiz ağladılar. Münasib yer tapıb oturdular.
- Səndən ötrü burnumun ucu göynəyirdi. Sənin necə Samir?
- Mənim də, ana.
- Eşitdim atan ölüb...
Anası hönkürdü.
-…alçaqlar yuvamızı dağıtdı. Bizi ayırdılar bir-birimizdən. Allah götürməz bu zülmü.
Anasının yazıq gözlərində qəzəb göründü. Araya ani sükut çökdü. Oğlunun sınıxmış sifətinə baxanda ürəyinin başı göynədi.
- Evlənmisən, Samir?
- Evlənmişəm.
Anası sevindi.
- Heç olmasa, şəklini gətirərdin baxardım.
Samir cibindən çıxardığı rəngli şəkli anasına uzatdı.
- Sizə qurban olum. Qəşəng qızdı. Bu da nəvələrimdi, yəqin – anası şəkli öpə-öpə soruşdu.
Samir dillənmədi.
- Necə də atana oxşayırlar. Kaş onları bircə dəfə bağrıma basıb öpə biləydim.
Samirin içi göynədi. Anasını bərk-bərk qucaqladı.
- Mənim balam. Elə bilirəm elə balaca Samirsən. Qaradinməz, ağıllı balam... Hər şey Sovet dağılandan sonra başladı. Rus elədi, rus. İblis kimi girdi ermənilərin içinə.
- Ermənilər özləri iblisdi– Samir dedi.
Anası susdu.
- Səni incitmirlər ki?
Anası qorxa-qorxa soruşdu. Samirin ona təəccüblə baxdığını görərək əlavə elədi.
- Deyirəm mənə görə...
- Yəni sən bizi tanımadın bu illər ərzində? Şəhər doludu bizim kimi ailələrlə. Sən getməyə də bilərdin.
- Dilim-ağzım quruyar azərbaycanlılara pis desəm. Ömrüm elə sizinlə qurtardı. Xoşbəxt günlərim atanla, sizinlə getdi.
Anası yazıqlaşdı.
- Necə xoşbəxt yaşayırdıq... Tezdən sizi dərsə, atanı işə yola salandan sonra sifarişlərimi qəbul eləyirdim. (Qadın dərzi idi.) O qədər rəfiqəm, könül dostum var idi ki. Bilmirdim vaxt necə gəlib keçirdi. İndi qalmışam tək-tənha. Dərdimi deməyə adam da tapmıram.
- Gərək getməyəydin - Samir yenə anasının yaralı yerinə toxundu.
- Edik qorxuzdu məni. (Edik Samirin dayısı idi.) Dedi, getməsən, səni də, uşaqları da incidəcəklər. Sizə söz deyilməsin deyə qaçdım.
Susdular. Sükutu anası pozdu.
- Sulduzu tanıyırdın?
- Bazarda işləyən?
- Hə. Hə bax o köpəyoğlu ora çatan kimi camaatı yığıb çıxış elədi. Dedi guya güclə azərbaycanlıların əlindən qaçıb. Hər şeyini əlindən alıblar. Arvad-uşağını da döyüblər. Dözmədim. Yerimdən qışqırdım ki, yalandı. Sözüm ağzımda qaldı. Kimsə ağzımı yumub məni qırağa çəkdi.
Anası hönkürdü.
- Səni döydülər?
- Hə.
Samir qəzəbindən əsdi. Anasını qucaqladı.
- O it oğlu Sulduzu həyətdən özümüz yola saldıq. Mebellərini, evini satmaqda da kömək elədik. Maşına minəndə ermənilərə söyüş də söydü. Rusları lənətlədi. Arvadı Qreta gündə bir paltar geyinirdi. Keyflə yaşayırdılar da. İndi Qretanı hərdən görürəm. Deyir, axçi, heyif o günlərdən. Nə gün gördüksə, Azərbaycanda gördük.
- Hamısı evlərini satıb getdi. Amma bizimkilər torpaqlarımızdan güclə qovuldular. O qədər qız-gəlin qarlı dağlarda şaxtadan donub öldü ki...
Anası günahkarmış kimi başını aşağı salmışdı.
- Sulduz getməzdən iki-üç gün qabaq oğlu ilə Stepanın qızı Lenaya hücum edibmiş.
- Niyə?
- Çoxdan araları yox idi. Bu da bir fürsət idi düşdü əllərinə. Qızı zorlayıb sonra hədə-qorxu gəliblər. Deyiblər deyərsiz bizə qonşumuz Əhməd hücum çəkib.
- Ax, köpəyoğlu, əlimə düşsəydi...
Samirin qəzəbdən əlləri əsdi.
- Darıxma oğlum. Allah böyükdü.
Hava yavaş-yavaş qaralmağa doğru gedirdi. Sanki anası ilə Samirin də içinə bir qaranlıq, qaranlıqla bərabər bir qorxu da dolurdu. Bu, ayrılıq qorxusu idi.
- Ac deyilsən ki, Samir? Anası lap əvvəllər olduğu kimi nəvazişlə soruşdu.
Samir kövrəldi. Yaxınlıqdan qutab alıb gətirdi. Anası ləng-ləng yeyirdi.
- Tamaşa nənənin tənək dolmasının, Qarabağ plovunun dadı ağzında qalıb.
Anası əlindəki qutaba baxa-baxa dedi.
- Niyə bişirib yemirsən?
- Onlar nə bilir tənək dolmasının dadını? Bir dəfə plov süzdüm, Vazgen qazanı boşaltdı itlərin qabağına.
Samir fikirləşdi ki, bilsəydi evdə bir qazan tənək dolması bişirib gətirərdi anasına.
- Amma ermənilər bütün dünyaya yayırlar ki, tənək dolması, plov bizim xörəklərimizdi.
Anası təəccübləndi.
- Nə danışırsan? Mənim yetmiş üç yaşım var, bir dəfə ermənilərin tənək dolması bişirdiyini görmədim.
Anası ermənilərin dediyi yalana görə Samirdən utanırmış kimi başını aşağı əydi.
- Sən harda qalırsan? – Samir soruşdu.
- Ediklə qalıram. O da quzğun kimi tez-tez üstümə cumur. Atanı, sizi başıma qaxır. Elə bil heç atanın çörəyi ilə kişi olmayıb. Heç yaşamaq istəmirəm. Səni gördüm rahat oldum. Bundan sonra olsəm də olar.
- Belə demə, ana.
Dünya bir qaranlıq ayrılığın da şahidi oldu. Samir tez-tez çevrilib heykəl kimi dayanaraq gözlərini o gedən səmtə dikmiş anasına baxırdı. Qəfildən eşidilən tükürpədici səs bir anlıq “Qırmızı körpü”dən keçənləri ayaq saxlamağa məcbur etdi. Anasını yerində görməyən Samirin içində nə isə qırıldı elə bil.
Anasının güllə dəymiş gicgahından axan qanı görəndə dünya başına fırlandı. Ətrafı bürüyən polis maşınları, təcili yardım, qışqırıq səsləri, hər şey Samirə yuxu kimi göründü. Anasını aparan təcili yardım maşınının onları həmişəlik ayırdığını Samir başa düşürdü. Çəkisi bilinməyən dərddən az qala ulamaq istəyirdi. “Axı nə üçün? Nə üçün belə oldu? Kim etdi bunu?” - deyərək hönkürdü.
Bir qədər aralıda dayanmış ağ “Jiquli”nin pəncərəsindən boylanan yekəburun kişi - Samirin dayısı Vazgen ona baxıb özündən razı halda gülümsəyirdi.