Erməni üzsüzlüyü, ya sözsüzlüyü?.. Hissizliyi də ola bilər. Mən həmişə öz həyatımı ona görə çətinləşdirirəm ki, bütöv bir hadisəyə, uzun bir həyatın özünə yox, bir neçə saniyəyə, bəzən də çox kiçik bir detala ilişib qalıram. Həmişə özümü özümə belə yozuram: mənim gözümün kamerası var. Hadisənin içindən bulanıq, fokussuz bir səhnə çəkir, mənim üçün bütün həqiqət elə o bir kadrdan, o kiçik detaldan ibarət olur. Məsələn, illər əvvəl qonşumun uşağının başına bədbəxt hadisə gəlmişdi.
O günlərdə ona kömək etmək üçün əlimdən gələni, gəlməyəni əsirgəməmişdim. Bir neçə gün çox ağır keçmişdi. Amma mənim yaddaşım özündə həmin hadisəni yox, başqa bir qış səhərini saxlamağı seçdi. Möhkəm qar yağırdı. Səhər qapı döyüldü. Açanda uşağın atası əlində bel, soyuqdan büzüşmüş halda qarşımda dayanmışdı: “Sabahın xeyir, qonşu. Qar hər yeri tutub, uşaqlar yıxılar. Olar sizin də qapının ağzını təmizləyim?” Gözümün kamerasında o gün bir ata siluetinə çevrildi.
Əlində bel, qarın içində, soyuq bir qış səhərində qapımızın ağzında dayanıb ən səmimi minnətdarlığını bildirməyə çalışan bir insan. Məncə, insan yaddaşı da belədir; bəzən ona xatirə də deyirik. İnsan bütöv bir faciəni yox, böyük hadisələrin içindən gözünün kamerasına ilişən həmin o bir neçə saniyəlik kadrı saxlayır. Böyük müharibələrin, dəhşətli işğalların arxasında da elə bu kiçik görüntülər durur: ayrılıq anında evindən qopardılıb aparılan canın ağrısı, ya da illər keçsə də, damaqdan çəkilməyən o sonuncu qurtum suyun dadı... Bəlkə elə bu səbəbdən heç vaxt tarix dərslərini sevməmişəm.
Torpaq üstündə yürüşlər, hakimiyyət davaları, taxtdan düşüb taxta qalxma hadisələri... Mənim yaradılışıma uzaq idi dava, qan, dalaş. Orada ancaq hadisələr danışılırdı, insanların hissləri yox. Məsələn, mən Tomrisin ana həsrətini tarix kitabından duya bilməmişdim - üzümü ona çevirən kimi əlində kəsilmiş baş görüb gözümü yummuşdum. Amma illər sonra 93-ün o sazaqlı günlərində, Murovun çovğununda nəfəsi ilə körpəsini isitməyə çalışan, nəfəssiz olduğunu bilə-bilə balasının buz tutmuş bədənini qarlı dağlar boyunca qucağından yerə qoymayan bir ananın faciəsini fotolarda görəndə, xatirələrdə oxuyanda başa düşmüşdüm Tomrisin oğul dağını. Kitab deyir: İşğal. Yaddaş deyir: Mənim evim. Kitab deyir: Köçkünlük. Yaddaş deyir: Həyətimdə qalan əlüzyuyan. Kitab deyir: Müharibə. Yaddaş deyir: Son içdiyim suyun dadı. İndi, illər sonra, xəbər lentlərinə baxıram.
Diplomatik korpus Gəncəsər monastırını gəzir. Hikmət Hacıyev ermənilərin “qədim əlyazma” adı ilə sərgilədiyi bir kitabı qaldırıb qonaqlara göstərir: ilk səhifəsində bir-iki sətir yazı var, qalan bütün səhifələr isə bomboşdur. O bomboş, ağ səhifələr- necə də dəqiq, necə də amansız bir yaddaşdır ... Əslində, böyük kədər və faciə görmüş xalqlar tarixin sınağından öz həqiqi yaddaşları, mədəniyyətləri, sənətləri ilə çıxırlar. Məsələn, yəhudilər almanların onlara yaşatdığı Holokost dəhşətini, Holokost faciəsini dünyada uydurma bəhanələrlə yox, dərin kinomatoqrafiyaları, ədəbiyyatları, fəlsəfələri və kədəri sənətə çevirən böyük mədəniyyətləri ilə anlatdılar, hafizələrə həkk etdilər. Çünki arxalarında silinməz kökləri və mənəvi haqları var idi. Amma özünə saxta keçmiş uydurmaq istəyənlərin əlində nə dərin bir mədəniyyət, nə də söykənə biləcəkləri həqiqi bir tarix olur.
Onlar kitabın ilk səhifəsinə yalanlarını cızma-qara edə bilərlər, amma gerisini doldurmağa nə ruhları çatır, nə də yaşadıqları bir mənəvi həqiqət. Bəli, ruhu və kökü olmayan yerdə sənət də yaranmır, tarix də yazılmır - səhifələr bomboş, ağ qalır. Sabah 15 sentyabrdır. Uşaqlar məktəbə gedəcək. İlk zəng çalınacaq, dərsliklər açılacaq. Onlar üçün yeni bir tarix başlayacaq - oxuyub-yazmağı həm də ona görə öyrənəcəklər ki, keçmişimizdən xəbərləri olsun. Biz həmin uşağın gözünün kamerasına nəyi fokuslayacağıq? Yalnız müharibəni? Yalnız rəqəmləri? Yalnız tarixləri? Yoxsa böyük hadisənin içindən bir insanın həyatını görünən edən o kiçik kadrları da? Uşağa “2 aprel 1993-cü ildə Kəlbəcər işğal olundu” demək lazımdır.
Amma həm də demək lazımdır ki, həmin günlərdə insanlar evlərindən nə götürə bildilər, nəyi orada qoydular, hansı yoldan keçdilər, nəyi son dəfə gördülər, hansı suyu sonuncu dəfə içdilər. Quru faktları insanların hiss etdikləri mənəvi həqiqətlərə mayak edərək danışmaq lazımdır. Çünki illər keçdikcə o dəhşətli hadisələrin canlı şahidləri azalacaq. Bir gün Kəlbəcərdən zorla çıxarılan, didərgin düşmüşlərin çoxu həyatda olmayacaq. Onda bizim uşaqlarımız Kəlbəcərin taleyini yalnız kitablardan oxuyacaqlar. Və bəlkə də gələcəkdə o kitablara baxacaq bir uşaq üçün həqiqi Zəfər xəritədəki rəqəmlər yox, 30 il sonra azad Kəlbəcərdə bir bulağın başından içilən o bir qurtum “İstisu”yun damaqda qalan xilaskar dadı olacaq.
Nərmin Dadaşova
Xüsusi olaraq “Qafqazinfo” üçün