Ermənistan limanlardan istifadə etmək üçün Gürcüstana müraciət etdi

ermenistan-limanlardan-istifade-etmek-ucun-gurcustana-muraciet-etdi
Oxunma sayı: 1670

Ermənistan hökuməti Gürcüstandan yükdaşımaları üçün limanlardan istifadə etməyi xahiş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” ölkənin Dəniz Nəqliyyatı Agentliyinə istinadən xəbər yayıb. 

Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan Gürcüstanın Qara dənizdəki Poti limanını Azov dənizindəki Rusiyanın Kavkaz limanı ilə birləşdirən bərə xidmətinin tezliklə işə salınacağını açıqlayıb.

"Ermənistan hökuməti Larsa alternativ olaraq Gürcüstan hökumətindən Ermənistandan gələn yüklərin, xüsusən də qida, tez xarab olan məhsul və essensiyaların daşınmasını həyata keçirəcək dəniz nəqliyyatından istifadə imkanını nəzərdən keçirməyi xahiş edib. Dənizə birbaşa çıxışı olmayan Ermənistan ənənəvi olaraq Gürcüstan limanlarından istifadə edir və beynəlxalq ticarət aparır.

Müraciətə səbəb Rusiyadan gələn malların Ermənistana daxil olduğu yeganə buraxılış məntəqəsində - Gürcüstanla Rusiya sərhədindəki “Yuxarı Lars”dakı sıxlıq olub.

Tranzit yüklərin emalı tıxac səbəbindən bir neçə həftə yubanır ki, bu da tez xarab olan məhsullar və qida məhsulları üçün problemlər yaradır.