Ermənistanın keçmiş Baş prokuroru zaminə buraxılacaq

ermenistanin-kecmis-bas-prokuroru-zamine-buraxilacaq
Oxunma sayı: 734

Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyan zaminə buraxılacaq.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu qərarı hakim Mnatsakan Martirosyanın sədrlik etdiyi məhkəmə qəbul edib.

O, Ovsepyanın müdafiəsinin vəsatətini qismən təmin edib və iki qabaqlayıcı tədbir - 100 milyon dram (200 min dollar) məbləğində girov qoymaq, heç yerə getməmək barədə yazılı öhdəlik tətbiq edib. 

Keçmiş baş prokuror girovu ödədikdən dərhal sonra həbsdən buraxılacaq.

Onun vəkili Erik Aleksanyan jurnalistlərə açıqlamasında bildirib ki, Ovsepyanın azadlığa buraxılacağına ümid etmir və buna görə də onunla girov ödənilməsi məsələsini müzakirə etmir. O xatırladıb ki, eks-məmurun əmlakı həbsdədir, lakin keçmiş prokurorun çoxlu dostları və qohumları var, ona görə də böyük ehtimalla girov ödəniləcək.

Aqvan Ovsepyanın işi üzrə növbəti məhkəmə prosesi sentyabrın 9-da saat 16:30-da keçiriləcək.

Xatırladaq ki, Ovsepyan 2021-ci ilin sentyabrında həbs edilib. İstintaqın məlumatına görə, 2004-2013-cü illərdə baş prokuror, həmçinin 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olan Ovsepyan faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra şirkətlərin idarə edilməsində iştirak edib. Bundan başqa, istintaqa görə, keçmiş baş prokuror xüsusilə külli miqdarda (190 milyon dram və ya 385 min dollar) rüşvət alıb, həmçinin 800 milyon dram (1,6 milyon dollar) məbləğində əmlak oğurluğu da edib. Ovsepyan həmçinin çirkli pulların yuyulmasında (təxminən 1,3 milyard dram və ya 2,6 milyon dollar) ittiham olunub.