“Ermənistanla münaqişədə daim Azərbaycanın yanındayıq” - Hulusi Akar

“Ermənistanla münaqişədə daim Azərbaycanın yanındayıq”
Oxunma sayı: 1197

Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycana səfəri çərçivəsində Türkiyə-Azərbaycan ortaq hərbi təlimlərində iştirak edən hərbçilərlə görüşüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar görüşdə Ermənistanla münaqişədə Türkiyənin daim Azərbaycanın yanında yer alacağını bir daha qeyd edib.

“Mən çox açıq şəkildə bildirmək istərdim ki, son illərdə bütün dünyanın gözü qarşısında Xocalıda soyqırımı törətmiş və Dağlıq Qarabağı heç bir qanuni əsaslandırma və legitimlik olmadan işğal etmiş Ermənistana qarşı bütün gücümüzlə Azərbaycan yoldaşlarımızın yanındayıq. Azərbaycan tək deyil”.

H.Akar Baş Qərargah rəisi, general Yaşar Gülər, Quru Qoşunları Komandiri, general Ümit Dündar, Hərbi Hava Qüvvələri komandiri General Hasan Küçükakyüz və Dəniz Qüvvələri komandiri Admiral Adnan Özbal ilə birlikdə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən əsgərlərlə görüşüb.

Akar Müdafiə Naziri, general Zakir Həsənovu və məşqdə iştirak edən hərbçiləri təbrik edərək bidirib: “Mən və dostlarım ikinci vətənimiz olan Azərbaycanda olmaqdan çox məmnunuq və həyəcan keçiririk”.

Təlimlə bağlı qiymətləndirmələrini bölüşən Akar, Tovuzdakı xain hücum nəticəsində şəhid olan, suverenlik və müstəqillik uğrunda canlarını fəda edən bütün hərbçilərimizi yad edərək çıxışını “Hamınız salamat və yaxşı qalın” ifadəsi ilə sonlandırıb.