Eynulla Fətullayev “Nezavisimaya qazeta”dan yazdı

eynulla-fetullayev-nezavisimaya-qazetadan-yazdi
Oxunma sayı: 1736

“Artıq bir neçə gündür ki, Ermənistanın Rusiyadakı səfirliyi, erməni diasporu, erməni əsilli rus rəsmiləri Rusiyanın məşhur “Nezavisimaya qazeta”ya hücumlar təşkil edir. Səbəb bir neçə gün öncə “Nezavisimaya qazeta”nın səhifələrində məlum Sumqayıt hadisələri haqda əməkdaşımız Lev Askerovun səs-küylü məqaləsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin "Facebook" səhifəsindən Azərbaycan ictimaiyyətinə ünvanladığı müraciətində yazılıb.

Onun sözlərinə görə, Ermənistan səfirliyi hətta “Nezavisimaya qazeta”nı məhkəməyə verib, Baş Prokurorluğa şikayətlə müraciət edib.

“32 ildən sonra ilk dəfə Rusiya mətbuatında Sumqayıt hadisələri haqda gerçək həqiqətlər işıq üzü gördü, hadisələrdə erməni mənşəli Eduard Qriqoryanın iştirakı ilə bağlı sübutlar təqdim edildi, iğtişaşların məhz Azərbaycana qarşı yönəlmiş məqsədyönlü düşünülmüş təxribatçı siyasətin nəticəsi olduğu bildirildi.

Ermənistan ictimaiyyəti və erməni diasporası çox narahatdır. Amma bizimkilərdən yenə səs çıxmır. Hanı Putinin dostu İlham Rəhimli? Hanı bizim diasporamız? Hanı bizim oliqarxlar və milliarderlər? Niyə səslər ucalmır?”, – jurnalist müraciətində qeyd edib.

Eynulla Fətullayev “Nezavisimaya Gazeta”dakı rus həmkarlarının ciddi döyüşə hazırlaşdığını bildirib.

“Artıq bu günlərdə Moskvada məhkəmə prosesi başlayacaq və biz bu məhkəməni Ermənistanın və erməni millətçilərinin ifşasına çevirəcəyik. Hələlik yalnız dəstəyi Sumqayıt prosesindəki dövlət ittihamçısı, hüquqşünas Aslan İsmayılovdan hiss edirik. Məncə, bütün Azərbaycan cəmiyyəti səfərbər edilməlidir. Və biz bu məhkəməni Ermənistana qarşı çevirməliyik!”,- E. Fətullayev əlavə edib.

Bundan əvvəl, Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan "Moskva Talks" radiostansiyasına verdiyi müsahibədə Rusiya Baş Prokurorluğuna etnik nifrət, ksenofobiya və dini dözümsüzlük təhqiqatı ilə əlaqədar istintaqa başlanması xahişi ilə müraciət etdiyini bildirib. Buna səbəb “Nezavisimaya qazeta”da Lev Askerovun “Sumqayıt faciəsi. Bu nədən başladı və necə oldu” məqaləsinin dərc edilməsi olub. "Rusiya Erməniləri Birliyi" QHT-si də oxşar şikayətlə çıxış edib.