Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Şabranda əkin sahəsində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, bu gün nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.
Havanın isti və küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Bununla belə, yanğınsöndürmə qüvvələrinin effektiv tətbiqi sayəsində hazırda yanğını bir neçə istiqamətdə nəzarətə götürmək mümkün olub ki, bununla da ərazidə yerləşən ictimai iaşə obyektləri və yaxınlıqdakı kənd üçün yaranmış təhlükə aradan qaldırılıb. Həmçinin, ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem olmayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edir.
Əlavə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər