Gənc sahibkarlar “Bakı Tikiş Evi”ndə

genc-sahibkarlar-baki-tikis-evinde
Oxunma sayı: 4107

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması ilə bağlı görülən işlərlə gənclərin daha yaxından tanış olması məqsədi ilə rayonun bir qrup fəal gənci “Bakı Tikiş Evi” ATSC-də olaraq, yeni açılmış iş yerləri və burada çalışan işçilərin iş şəraiti ilə yaxından tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, “Bakı Tikiş Evi” ATSC-nin sədri Fidail Rəhimov çıxış edərək, böyük iqtisadi göstəricilərə malik  fabrikin 1936-cı ildən fəaliyyətə başladığını,  müəssisənin II Dünya Müharibəsi dövründə ölkənin qabaqcıl müəssisələrindən biri olaraq fəaliyyət göstərdiyini, Respublikamızın müstəqilliyinin ilk illərində iri sənaye müəssisəsi kimi ölkə əhalisini geyim məhsulları ilə təmin etdiyini bildirib. O, qeyd edib ki, müəssisə 1991-ci ildən Azərbaycan Respublikasının ordu quruculuğunda fəal iştirak edərək əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin etməyə başlamış, son illərdə isə fabrikdə müasir və keyfiyyətli məktəbli formaları istehsal edilir. Hal-hazırda fabrikdə 800 nəfərin iş ilə təmin olunduğu qeyd edən F.Rəhimov fabrikdə yeni istehsalat emalatxanalarının tikinti quraşdırma işləri aparıldığını və bütün bunların gələcəkdə yeni iş yerlərinin acılmasına əlverişli şərait yaradacağını vurğulayıb. 

 Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirib ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması istiqamətində işlər uğurla davam etdirilir. 

Tədbirin sonunda gəncləri maraqlandıran suallar çavablandırılıb və xatirə şəkilləri çəkilib.