Gəncə terrorunda evi dağılanlara kirayə pulu verilmir? - Rəsmi cavab

gence-terrorunda-evi-dagilanlara-kiraye-pulu-verilmir
Oxunma sayı: 1364

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinin bombalanması zamanı evləri dağılan şəhər sakinləri terrordan iki il keçməsinə baxmayaraq, evlərinin bərpa olunmadığını iddia edirdilər.

Şikayətçilərdən biri, evinin tamamilə dağıldığını deyən 64 yaşlı Təzəgül Şahnəzərova, digəri isə mənzilinin damının vurulduğunu, daha sonra isə çıxarıldığını iddia edən Rüfət Əsgərov idi. Hər iki şikayətçi iki il müddətində kirayə pulu ala bilmədiklərini də bildirirdilər.

Şikayətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti “Qafqazinfo”nun sorğusunu cavablandırıb. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Rzayeva bildirib ki, zərərçəkən sakinlərin kirayə haqları İH-nin daxili imkanları hesabına ödənilir: “Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində zərərçəkən sakinlər üçün kirayə haqları Gəncə Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına evində təmir-bərpa işləri gedən və həmin dövr üçün yaşayış yeri olmayan zərərçəkən sakinlərə ödənilir.

Muxtar Hacıyev küçəsi, döngə 2, ev 24 ünvanında yaşayan zərərçəkmiş Təzəgül Şahnəzərova yaxın qohumları ilə yaşadığından ona bu vaxta kimi kirayə haqqı ödənilməyib. Bir müddət əvvəl Təzəgül Şahnəzərova Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müvafiq araşdırma aparıldıqdan sonra onun müraciətinə baxılacaq.

Əli Nəzmi küçəsi, ev 4 ünvanında yaşayan Rüfət Əsgərovun evi isə təmir ediləcək yaşayış obyektlərinin siyahısına daxil edildiyindən, ona kirayə haqqının ödənilməsi nəzərdə tutulmur. Məlumat üçün bildirək ki, Əli Nəzmi küçəsində yerləşən və müvafiq MİS-in balansında olan iki mərtəbəli yaşayış binasının dam örtüyü Gəncə şəhər MKTİB tərəfindən yenilənməsi istiqamətində işlərə başlanılıb”.

Lamiyə Məmmədova