Goranboyda bacı-qardaş öldürüldü - Yenilənib

goranboyda-baci-qardas-olduruldu
Oxunma sayı: 11344

Goranboyda qətl hadisəsi baş verib.

DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə bu gün saat 17:20 radələrində rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və 1960-cı il təvəllüdlü Namazova Səlminin kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.

Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin isti izlərlə açılması təmin olunub və qətli törətməkdə şübhəli bilinən onların həmkəndliləri 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

İlkin dindirmə zamanı İ. Haqverdiyev deyib ki, həmin torpaq sahəsi uzun müddət onların arasında mübahisəli olub.  Bir müddət öncə məhkəmə qərarı ilə torpaq İlhama verilib. Bu gün İ.Haqverdiyev torpaq sahəsinə gəldikləri bacı-qardaşın orda olduğunu görüb və aralarında yaranan mübahisə zamanı maşınında olan bıçaqla onların hər ikisini vurub.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

***

Hadisə ilə bağlı Goranboy rayon prokurorluğu rəsmi məlumat yayıb. Bildirilib ki, fevralın 6-da rayonun Qarasüleymanlı kəndində 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi iə əlaqədar Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam edir.