Göygöldə Novruz şənliyi keçirildi - Fotolar

goygolde-novruz-senliyi-kecirildi
Oxunma sayı: 392

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən Novruz şənliyində RİH başçısı, regionun ali təhsil müəssisələrinin rəhbərləri, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, rayon ictimaiyyəti və qonaqlar iştirak ediblər.

RİH başçısı V.Novruzov rayon sakinlərini və qonaqlarını bayram münasibətilə təbrik edərək Novruz bayramının minilliklər boyu xalqımızın milli-mənəvi dəyərlərini və adət-ənənələrini yaşadan, birlik və həmrəyliyi möhkəmləndirən bayram olduğunu vurğulayıb və bu əziz bayram xalqımızın zəngin mədəni irsini, qədim köklərini və milli kimliyini özündə yaşatdığını qeyd edib:

“Ulu Öndər Heydər Əliyev irsimizə, milli ənənələrimizin qorunmasına hər zaman böyük önəm verib, Novruz bayramının dövlət səviyyəsində geniş şəkildə qeyd olunmasına xüsusi diqqət yetirərək bu qədim el bayramına rəsmi dövlət statusu qazandırıb. Bu gün bu ənənə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə  davam etdirilir və biz müstəqil və qüdrətli Azərbaycanda belə gözəl bayramları böyük qürur və sevinc hissi ilə qeyd edirik. 

Vətən Müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış böyük Zəfərdir. Bu möhtəşəm qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qəhrəmanlığı sayəsində əldə olunub. Dövlətimiz tərəfindən şəhid ailələrinə daim xüsusi diqqət və qayğı göstərilir. Onların cəmiyyətimiz üçün əziz və dəyərli olduğu, göstərilən ehtiramın xalqımızın şəhidlərimizin xatirəsinə sonsuz hörmətinin ifadəsidir”. 

Bayram şənliyi respublikanın Əməkdar artisti Lalə Məmmədova, ifaçılar Pərviz Abdullayev, Vüsal Hacıyev, region musiqiçilərinin iştirakı ilə konsert proqramı, “İrəvan” rəqs qrupunun milli rəqsləri və məktəblilərin təqdimatında Novruz adətlərini əks etdirən maraqlı səhnəciklərlə davam edib. İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Ozan baba və Bahar qızının təbrikləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Şəhid övladları ilə birgə bayram tonqalı alovlandırılıb, ətrafında sakinlər və qonaqlar Novruzun sevincini bölüşərək şən əhval-ruhiyyə ilə bayramı qeyd ediblər.