Adətən Güney Azərbaycanla bağlı tədbirlərdə eyni simaları görür, oxşar çıxışları dinləyirik. Əlbəttə, bu səbəbdən bəzilərinə bu kimi tədbirlər maraqsız görünə bilər, ancaq mövzu ilə bağlı mövcud problemlərin dəfələrlə təkrarlanmasına da zərurət var. Çünki, mövzuya diqqət yoxdusa, problemlər enidirsə və həll olunmursa, demək hər dəfə məsələlərin üzərinə yenidən qayıtmaq lazım gəlir. Bakıda gənclər arasında Güney mövzusunu populyarlaşdıracaq “Güney məktəbi”nin təsis edilməsi, Arazın o tayında siyasi motivlərlə həbs edilənlərin vahid siyahısının tərtibinə kimi maraqlı təşəbbüslər irəli sürüldü iştirak etdiyim tədbirlərdə.
İran lidersizlik böhranına qədəm qoyur
1990-cı illərin ortalarında “Azadlıq” qəzetində çalışarkən Güney Azərbaycanla bağlı xəbəblərin artımını müşahidə edirdim. Sonrakı qiymətləndirmədə çoxları Güney Azərbaycanda milli oyanış hərəkatının məhz bu illərdən başlandığını vurğuladı. 1999-cu ildə Təbrizdə oldum, insanlarla söhbət əsnasında milli oyanışın miqyasını müəyyənləşdirməyə çalışdım. Təbriz Universitetində hicablı qızların “bunlar bizə Azərbaycan dilində dərs keçmək istəmirlər” kimi şikayətlərini dinlədikdə və ya taksi sürücüsünün sinəsində boz qurd nişanəsini gördükdə anladım ki, proses həqiqətən başlayıb və bunu dayandırmaq mümkün olmayacaq.
Güney Azərbaycanda milli oyanışa Arazın bu tayındakı Azərbaycanın müstəqilliyini qazanması, eləcə də İranın daxilində siyasi və dini dairələrin bir-birləriylə rəqabətə girişməsinin əlamətləri təkan vermişdi. Ayətullah Xomeyninin vəfatından sonra İranda xarizmatik lider böhranı yaşandığından hakimiyyət uğrunda mübarizədə keçmiş müttəfiqlər bir-birlərinə düşmən kəsildilər. Doğrudur, “Xomeyni tərəfdarları” bu düşmənçiliyi zaman-zaman biruzə verməməyə çalışırdılar, ancaq qapalı məkanlarda bir-birlərinin əleyhinə o ki var, döşədikləri haqqında da məlumatlar çoxalırdı. Elə bugünlərdə dünyanın gözü qarşısında İran prezidenti ilə parlament sədrinin bir-birinin əleyhinə ağır sözlər işlətməsi neçə illik qapalı mübarizənin üzə çıxması, hakimiyyət böhranın nümunəsi idi.
İrandakı mövcud durum azərbaycanlıların xeyrinə işləyir. Əgər beynəlxalq aləm milli oyanışın başladığı illərdə İranda azərbaycanlıların öz haqları uğrundakı mübarizəsinə səssiz idisə, hazırki mərhələdə yanaşma tədricən dəyişib.
Beynəlxalq aləmin Güney Azərbaycana diqqətindən danışdıqda, ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, ərəb dünyası və Azərbaycan Respublikasının reaksiyasına diqqət yetirmək lazım gəlir.
Vaşinqton İranın bütövlüyü ilə Güney Azərbaycan dillemması arasında...
Amerika Birləşmiş Ştatları tarixində ilk dəfə olaraq Güney Azərbaycanla bağlı petisiya qəbul olunub. Petisiyanın Konqresdə müzakirə olunması üçün gərəkən 25 min imza da toplanıb. Əlbəttə, bu o demək deyil ki, konqresmenlər avtomatik olaraq Güney Azərbaycanın xeyrinə hansısa qətnamə qəbul edəcəklər. Ancaq amerikalı rəsmilərin, konqresmenlərin və diplomatların “Güney Azərbaycan” ifadəsini dilə gətirmələri belə müəyyən uğur sayıla bilər. Bu sıraya ötən il konqresmen Dana Rohrabakerin Güney Azərbaycanla bağlı Dövlət Departamentinə göndərdiyi sorğunu da əlavə etmək lazımdır. Doğrudur, dövlət katibi Hillari Klinton sorğuya cavab olaraq İranın bütövlüyünə tərəfdar olduqlarını söylədi, ancaq Vaşinqton ən azı Güney Azərbaycan mövzusunu bir qədər ön plana keçirmək məcburiyyətində qaldı.
ABŞ-ın “Orta Doğu” layihəsində Güney Azərbaycan amilinin qiymətləndirməsinə dair iki yanaşma ilə tanışam. Birinci yanaşma bundan ibarətdir ki, Vaşinqton Güney Azərbaycanın Tehrandan ayrılmasına tərəfdardır, hətta Bütöv Azərbaycan ideyasına müsbət yanaşır. İkinci yanaşmaya görə isə, əksinə Vaşinqton İranın demokratikləşməsini istəyərkən, bu dövlətin parçalanmasının əleyhinədir. Doğrusu, birinci variantın varlığı məndə şübhə doğurur. Ancaq əgər Vaşinqton İranın parçalanmasının əleyhinə çıxaraq, bu ölkənin yalnız demokratikləşməsini istəyirsə belə bunun da Güney Azərbaycana xeyri var. Çünki, İranın demokratikləşməsi elə Güney Azərbaycanın haqlarının genişlənməsinə və tanınmasına yol açır. Sonrakı proseslərin axarı Vaşinqtonun nə istəyib, nə istəməməsindən asılı olmayacaq.
“ABŞ İranın parçalanmasını əleyhinədir” fikri isə Vaşinqtonun keçmişdə verdiyi qərarla bağlıdır. 1945-ci ildə BMT-də Güney Azərbaycanın müstəqlliyini məhz ABŞ əngəllədi. Ancaq o illər dünya soyuq müharibə erasına qədəm qoyurdu və Vaşinqton SSRİ-nin İran üzərindəki hegemonluğunu qəbul edə bilməzdi. Ancaq indi nə soyuq müharibə, nə də SSRİ var və Azərbaycan Respublikası ABŞ-ın bölgədəki müttəfiqidir. Odur ki, Vaşinqtonun gələcəkdə Güney Azərbaycanın müstəqlliyinə yol aça biləcək gəlişməni birmənalı şəkildə əngəlləyəcəyini söyləmək də çətindir. Digər tərəfdən necə ki, Azərbaycan bu gün ABŞ-ın müttəfiqidir, Güney Azərbaycanın da yolu Qərblə ittifaqdan keçə bilər. Buna baxmayaraq, “bölgədə türk qurşağının güclənməsi nə dərəcədə ABŞ-dakı dairələrin marağındadır” sualının aktuallığı da azalmır.
Güney Azərbaycan amili ABŞ-dakı erməni lobbisini də ciddi narahat edir. Ancaq bunun özü də Güney Azərbaycanın lehinə işləyir. Çünki, “erməni soyqırımını” qanuniləşdirməyə çalışan ermənipərəst konqresmenlər İranda azərbaycanlılarının insan haqları mübarizəsini əngəlləməyə çalışarlarsa, onlar bunu hansı arqumentlə izah edəcəklər? Axı tarixən ABŞ xarici və təhlükəsizlik siyasətinin ana xəttini məhz ümumbəşəri dəyərlərin – demokratiya və insan haqlarının qorunması və dəstəklənməsi təşkil edir. Yəni Güney Azərbaycan mövzusu gələcəkdə ermənipərəst konqresmenləri mürəkkəb dilemmaya qarşısında qoya bilər.
Avropadan Güneyə baxış necədir?
Avropa Birliyi strukturlarının Güney Azərbaycan mövzusuna marağı ilə bağlı əlimdə cidd fakt yoxdur. Sadəcə, Avropa Parlamentinin ayrı-ayrı deputatları ara-sıra Avropada yaşayan güneyli fəallarla görüşür və fikir mübadiləsu aparırlar.
Əslində Güney Azərbaycan mövzusunu aktuallaşdırmaq üçün Avropa Parlamenti ən münasib meydandır. Avropa Parlamentində İranla bağlı komissiya fəaliyyət göstərir, həmin komissiyanın İranda yaşayan azərbaycanlıların dil və təhsil haqlarının pozulmasıyla bağlı xüsusi hesabatının hazırlanmasına nail olmaq mümkündür.
Kreml üçün İraqla İran arasında fərq var
Rusiyada rəsmi səviyyədə Güney Azərbaycanla bağlı açıqlamalar və ya hansısa mülahizələr səslənməsə də, XİN-də və bu dövlətin müxtəlif beyin mərkəzlərində İranın gələcəyi və bu ölkədə yaşayan xalqların özmüqədərratlarını müəyyənləşdirmək ssenariləri öyrənilir.
İranda proseslər məcrasından çıxarsa və Güney Azərbaycanın müstəqilliyi mövzusu aktuallaşarsa, bunun əleyhinə çıxacaq dövlətlərin başında Rusiya gələcək. İraq parçalanıb və bu ölkənin şimalındakı kürdlər qeyri-rəsmi müstəqilliklərini elan ediblər, ancaq bu fakt Rusiyanı narahat etmir. Ancaq elə ki, növbə İranın parçalanmasına və Güney Azərbaycan amilinin meydana çıxmasına çatacaq, onda Kreml hərəkətə keçəcək. Çünki, birincisi, Güney Azərbaycan amili bölgədə Qərb maraqlarının bir az daha genişlənməsi, ikincisi isə Kremlin müttəfiqi Ermənistanın bir az daha sıxışdırılması demək olacaq. Bu səbəbdən Kreml var gücüylə Güney Azərbaycan amilinə qarşı çıxmağa çalışacaq.
Ərəb dünyası iki səbəbdən Güney mövzusunda maraqlıdır
Ərəb dünyasının İranla münasibətlərində ciddi problemləri var, eyni zamanda bu dövlətlər - Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və digərləri Azərbaycanla sıx münasibətlərə malikdirlər. Ona görə, gələcəkdə onlar İranda mərkəzi hakimiyyətin zəifləməsində, o cümlədən Tehranın Bəsrə körfəzində hegemonluğunun azalmasında maraqlı olacaqlar. Güney Azərbaycan ərəb dünyasında bu gün aktual olmasa da, gələcəkdə həm İranın zəifləməsi, həm də müttəfiqi Azərbaycanın güclənməsi baxımından mövzuya maraqları arta bilər. Odur ki, Güney Azərbaycan ideyası uğrunda xaricdə mübarizə aparan qüvvələrin ərəb dünyası ilə də indidən sıx münasibətlər qurmalarına ehtiyac var.
Ankara Tehranı qıcıqlandırmaq istəmir
Türkiyədə Güney Azərbaycana ikili yanaşma var. Türkiyənin keçmiş və indiki prezidentləri Əhməd Necdət Sezər və Abdullah Gül İrana səfər getdikdə, Təbrizi də ziyarət etdilər və güneydə böyük coşquyla qarşılandılar. Bu Türkiyə siyasətində bir ilk idi. Ancaq ardı gəlmədi.
Ankaranın İranın gələcəyi və Güney Azərbaycan amili ilə bağlı hər hansı konsepsiyasının olduğunu söyləmək çətindir. Görünür, nə belə bir konsepsiya, nə də onun üzərində işləyən qurum var. Halbuki, İranın demokratikləşməsi ilə Güney Azərbaycan amilinin güclənməsindən yararlanacaq dövlətlərin içində Azərbaycan Respublikası ilə yanaşı Türkiyə də gəlir. Ancaq hələ ki, Türkiyənin siyasi və ekspert dairələri, mediası qonşuluğunda baş verənləri gözməzlikdən gəlirlər. Bəzən isə əksinə Tehranı qıcıqlandırmamaq üçün Güney Azərbaycan ideyasına xidmət edən təbliğat mexanizmini zəiflətməyə çalışırlar. Buna misal olaraq, Mahmudəli Çöhrəqanlının İstanbul hava limanından geri – ABŞ-a qaytarılması, Günaz TV-nin TÜRKSAT yayımından çıxarılmasını göstərmək olar. Və bunlar o zaman baş verir ki, iranlı rəsmilər söz qalmır Türkiyənin əleyhinə desinlər və baş nazir Rəcəb Təyyub Ərdoğan da onların cavabını sərt şəkildə verir.
Arazın bu tayından o tayına biganəlik
İranın demokratikləşməsində və Güney Azərbaycanın bir güc olaraq meydana çıxmasında hamıdan çox Arazın bu tayında yaşayanlar maraqlı olmalıdır. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti bu mövzuda son dərəcə ehtiyatlıdır. Əlbəttə, bu ehtiyatlığı hansısa bir mərhələyə qədər anlamaq olar. Ancaq əgər İrandakı dairələr daima Azərbaycanı qarışdırmaq istəyirlərsə, Azərbaycan əleyhinə qondarma ittihamlarla çıxış edirlərsə, işğalçı Ermənistanı gücləndirməyə çalışırlarsa, bu halda rəsmi Bakının da əlinə gözəl fürsət verirlər ki, biz də İrandaxili məsələlərə nəzər yetirək.
Heç kim demir ki, rəsmi Bakı İranın daxili işlərinə qarışsın, siyasi motivli həbslərə rəsmi şəkildə münasibət bildirsin (qayıdıb deyərlər ki, məgər sizdə siyasi motivli həbslər həyata keçirilmir?), ancaq tutaq ki, Urmiya gölü qurudulursa, buna səssiz qalmamaq da olar. Urmiya gölünün qurumasının Arazın bu tayına da mənfi ekoloji təsirləri haqqında elmi baxışlar mövcuddur. Və ya Ermənistan İranla dəmir yolu, qaz boru xətləri inşa edir. Aydındır ki, bu xətlər İrana Güney Azərbaycan üzərindən çəkilməlidir. Digər tərəfdən işğalçı Ermənistan Təbrizdə konsulluq açmaq istəyir. Ermənistana müxtəlif üsullarla anlatmaq lazımdır ki, Azərbaycan torpaqlarını işğal edərək, Azərbaycan torpaqları üzərindən boru xətləri çəkmək və Azərbaycan şəhərində konsulluq açmaq onlara əlavə problemlər yarada bilər.
Hələliksə, Azərbaycanın hakimiyyəti strukturları Arazın bu tayına pənah gətirən güneyli soydaşlarımıza çətinlik yaratmaqla məşuldurlar. Onlara nə vətəndaşlıq, nə də şəxsiyyətlərini təsdiq edən sənəd verilir. Güneyli soydaşlarımıza verilən sadə kağız parçasıyla isə onlar nə işə düzələ, nə ailə qura, nə üçüncü ölkəyə yollana, nə də ən adi bir şey – öz adlarına mobil telefon ala bilirlər. Təəssüf ki, soydaşlarımıza olan bu biganə münasibət İrandakı şovinist dairələrə “Bu da Sizin Azərbaycan” kimi təbliğat aparmalarına şərait yaradır.
İranda 30 ilə 40 milyon arasında azərbaycanlının yaşadığını fəxrlə söyləyirik. Ancaq Bakıda bu qədər azərbaycanlının problemlərini öyrənən və bunun üçün müvafiq ştatı olan araşdırma mərkəzi yoxdur. Açığı, sabah İranda proseslər öz axarından çıxsa, biz buna hazırlıqsız yaxalanacağıq.
Azərbaycan dövlətinin varlığı Güney Azərbaycan üçün stimuldur. Azərbaycanın pis-yaxşı iqtisadi inkişafı, dinin dövlətdən ayrı olması güneyliləri də müstəqllik uğrunda mübarizəyə həvəsləndirir. Bunu Tehrandakı dairələr çoxdan anlayıb və ssenarilərini hərəkətə gətiriblər, rəsmi Bakının da bunu anlamasına və əks-ssenarilər üzərində düşünməsinə ehtiyacı var.
Bütövlükdə isə beynəlxalq aləmdə Güney Azərbaycan mövzusunun ağırlıq qazanması, ABŞ, Avropa Birliyi, ərəb dünyası, Türkiyə və eləcə də Azərbaycanın özünün Güney Azərbaycan amili ilə hesablaşması İranda və xaricdə yaşayan güneylilərin özündən asılıdır. Onlar mübarizələrinin miqyasını genişləndirə bilsələr, öz aralarında fikir ixtilaflarına son qoysalar (bəzi güneyli soydaşlarımız bu tənqidin qarşılığında, “nə olsun, sizdə də fikir ixtilafları var” deyirlər. Doğrudur, ancaq biz heç olmasa müstəqilliyə nail olmuşuq, Siz isə birinci və ən vacib mərhələni adlamadan bir-birinizi ağır ifadələrlə ittiham edirsiz ki, bu da ümumi işə ziyan vurur – E.Ş.) beynəlxalaq aləm, böyük dövlətlər və bölgə Güney Azərbaycan amili ilə hesablaşacaq. Əks halda təəssüf ki, reaksiya indikindən artıq olmaya da bilər...
Elxan Şahinoğlu