Gürcüstan müxalifəti 6 nəfərin ölümünə görə aksiyaları dayandırdı

gurcustan-muxalifeti-6-neferin-olumune-gore-aksiyalari-dayandirdi
Oxunma sayı: 1145

Gürcüstan müxalifət partiyalarının nümayəndələri ölkənin qərbindəki Baqdati şəhərində baş verən yanğında 6 nəfərin ölümü ilə əlaqədar bu gün Tiflisdə parlamentin qarşısında aksiya keçirməkdən imtina ediblər.

“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında müxalif “Avropa Gürcüstan” partiyasının liderlərindən biri Qiqi Uqulava deyib.

“Baqdatidə dünən gecə 4-ü uşaq olmaqla 6 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisə ilə əlaqədar etiraz aksiyası keçirməkdən imtina etdik”, - deyə Uqulava söyləyib.

Onun sözlərinə görə, müxalifət partiyalarının hakimiyyətdən seçki sistemini dəyişdirməsini tələb edən aksiyası fevralın 5-də keçiriləcək.

Daha əvvəl Gürcüstan Daxili İşlər Nazirliyinin Təcili Yardım Xidməti İmereti bölgəsindəki Baqdati şəhərində ikimərtəbəli taxta evdə yanğın baş verdiyinə dair məlumat yayıb. Yanğın təxminən 200 kvadrat metr ərazini əhatə edib. 

Hadisə yerinə gedən xilasedicilər yanğını lokallaşdırıblar, lakin evə daxil olanda 1 qadın və 4 uşaq da daxil olmaqla 5 nəfərin cəsədlərini tapıblar. Daha sonra yaşlı bir qadının da cəsədi aşkarlanıb.