Həyat marşrutu...

heyat-marsrutu
Oxunma sayı: 6973

Bakıda illər öncə 1 nömrəli marşrut xətti var idi. Başlanğıc nöqtəsi 4 nömrəli doğum evi olan sərnişin avtobusunun son dayanacağı Xutor qəbiristanlığı idi.

Dünən qərb bölgələrimizdə əsən güclü külək mənə həmin marşrutu xatırlatdı. Daha doğrusu dünənki dəhşətli küləyin səbəb olduğu iki hadisəni - Mingəçevirdə bir gəncin ölümünü və körpənin doğuluşunu...

Belə deyək - külək birini apardı, birini gətirdi...

Mingəçevirdə ağacların binaların üstünə aşması zamanı xəsarət alan 21 yaşlı Rəvan Qasımzadəni bu gün itirdik. Digər bir epizodda isə təbiət hadisəsi içərisində hamilə qadının olduğu təcili tibbi yardım avtomobilinin üzərinə də irigövdəli ağacı aşırmışdı.

Bu iki hadisədən təəssüf ki, yalnız biri üçün “xoşbəxtlikdən” ifadəsini işlədə bilirik. Rəvanın həyatını xilas etmək mümkün olmadı, tufan təkcə onun yaşadığı şəhərdə yox, həm də evində qopdu.

Həmin təcili yardımdakı qadın və bətnində həyatla mübarizə aparan körpəsinin isə həyatı yaxşı mənada çevrildi.

Hardasa oxumuşdum ki, xəstəxana divarları ibadətgahlardan daha çox duaya şahidlik edir. 

Soyuq koridorlarda gözləyən xəstə yaxınlarının başından aşağı qaynar su kimi tökülən “acı xəbər” qorxusu onları birləşdirən ümumi cəhətdir.

Eyni divarlar arasında Rəvanın da, ikicanlı qadının da ailəsi eyni qorxunu yaşayırdı bəlkə də, kim bilir?

Dünənki hadisə yenidoğulmuş bu oğlan uşağı üçün fərqli doğum hekayəsi olacaq. Qırx ildə bir baş verən iş kimi…

Bu yerdə böyük filosof Şəms Təbrizinin bir fikri ağlımda fırlanır:

“Düzənim pozular, həyatımın altı üstünə gələr deyə, əndişə etmə. Haradan bilirsən həyatın altının üstündən daha yaxşı olmayacağını?..”

Telli Minbir