“İsrafil uşaqlıqdan idmanla, qaydasız döyüş və sərbəst güləşlə məşğul olub, nəticələri var. Bu sahəyə marağı böyük idi. Birinci Qarabağ müharibəsində özüm də iştirak etmişəm, qaziyəm. Hər zaman müharibədən suallar verərdi. Bu mövzuda söhbət edirdik. Dövr gəldi, oğlum arzusuna çatdı. İstəyi o idi ki, Qarabağ uğrunda döyüşdə iştirak etsin. Onunla birgə özüm də könüllü olaraq yazılmışdım. Amma yaşla əlaqədar olaraq dedilər ki, gözləyin. Eyni zamanda əliləm. İsrafil deyirdi ki, indi bizim zamandır, gedib döyüşməliyik. Elə də oldu! Oğluma deyirdim ki, döyüşə get, qəhrəman kimi qayıt! Qəhrəman kimi də qayıtdı!”
Bu sözləri “Qafqazinfo”ya müsahibəsində Vətən müharibəsinin şəhidi, kiçik çavuş İsrafil İbrahimovun atası, Birinci Qarabağ müharibəsinin qazisi Zülfiqar İbrahimov deyib.
Onun sözlərinə görə, oğlunun əksər rayonların azad olunmasında rolu olub. İsrafil Prezident İlham Əliyev tərəfindən 4 medal və bir ordenlə təltif olunub:
“Oktyabrın 26-da şəhid xəbəri gəldi. Laçın dəhlizinədək getmişdilər. Bir gün qabaq telefonla danışdıq. Çox söhbət etmirdi, narahat olmamağımız üçün əlaqə saxlayırdı. Biz Şuşa qeydiyyatındayıq. Şuşa şəhər İcra Hakimiyyətindən zəng vurub dedilər ki, oğlunuz şəhid olub. Həmin vaxt Əhmədli ərazisində idim. Evə gəldim, həyətdə yüzlərlə insan toplaşmışdı. Ancaq anasına şəhid olmağı barədə məlumat vermədim. Qardaşımgilə söylədim, onlar məlumatı çatdırdılar. Əvvəlcə yaralandığını söylədilər, rayona gedən zaman hər şeyi başa düşdü.
Özümüzü hazırlamışdıq. Müharibəni görmüş bir ailəyik. Hazırlıqlı şəkildə qarşıladım. Hər gün şəhid xəbərlərini eşidirdik. Oğlum bir aydır ki, döyüşlərdə yer alırdı. Mən harada döyüşmüşəmsə, oğlum da oralarda vuruşub. Təbii ki, önə getdilər, torpaqlarımızı aldılar. Səfiyan kəndində minomyotla vurulub. Dəfni Ağdamın Quzanlı kəndində yerləşən Şəhidlər Xiyabanında olub. Oktyabrın 16-sı ad günü idi. Zəng vurub təbrik etdik. Dedi ki, döyüşdə nə ad günü? Doğumundan 10 gün sonra şəhid xəbəri gəldi. Qismət! Şəhid olmağından bir gün qabaq bütün qohumlarla zəng vurub danışıb, halallıq alıb.
.jpg)
Şəhid atası deyir ki, işğaldan azad olunan torpaqlara gedib elə orada da ailə qurmaq oğlunun əsas arzusu olub:
“İndi tək təsəllimiz Qarabağın azad edilməsidir. Bilirik ki, bu dünya ölümsüz deyil. Amma Vətən yolunda şəhid olmaq hər kəsə qismət olmur. Özümüzü dözümlü göstərməyə çalışırıq. Ayrılıq acısı var, keçiririk. Amma təkcə təsəllimiz uca məqama qovuşmağımızdır. Müvəqqətidir, hamımız orada qovuşacağıq”.
Şəhidin əmisi, Xalq artisti Mənsum İbrahimov qardaşı oğlu ilə bağlı xatirələrini bölüşərək onun əvvəlcə musiqiyə, daha sonra idman sahəsinə marağının yarandığını vurğulayıb:
“İsrafilin əvvəllər tara həvəsi yarandı. Onu tarzən Elçin Həşimovun yanına göndərdim. İstedadı var idi, musiqi məktəbinə də göndərdik. Daha sonra həvəsi idmanı seçdi. Emosional, mehriban, qorxmaz və həyatsevər uşaq idi. Qarabağın azad olunmağında yer almaq istəyirdi. Ailəsinə deyib ki, müharibəyə gedirəm. Atası qazidir, ona deyib ki, mən gedirəm, sən ananın yanında qal! Cavab verib ki, sən vuruşmusan, indi mənim növbəmdir.
.jpg)
İsrafilə atamızın adını qoymuşduq. Deyirdi ki, babamın adını doğruldacağam, mənimlə fəxr edəcəksiz. 27 sentyabrda könüllü olaraq yola düşdü. İlk gündən xüsusi təyinatlılar qrupunda yer aldı. 30 gün döyüşdü, Laçına qədər gedib çıxdı. Sağlığında şəhidlərin, Xocalının qisasını almışdı. Telefonla tez-tez danışırdı. Ondan çox nigaran idim, ön cəbhədə vuruşurdu. Döyüş yoldaşları deyirdi ki, həmişə tapşırıq zamanı birinci əlini qaldırırdı.
Şəhid olmamışdan bir gün qabaq qardaşıma dedim ki, mümkün olsa, İsrafil mənimlə əlaqə saxlasın. 10 gün qabaq da ad günü olmuşdu. Bir gün qabaq telefonla danışdıq. Əhvalı çox yaxşı idi, söylədi ki, az qalıb, gecə ağır döyüşdən çıxmışıq. Ona dedim ki, İsrafil, özünü qoru! Cavab verdi ki, əmi, biz vətəni qoruyuruq, özümüzü qorumağa vaxtımız yoxdur. Səhəri qardaşım zəng vurub dedi ki, İsrafil şəhid oldu. Allah bütün şəhidlərə rəhmət eləsin. Bizim ailədə 7 qardaşın 5-i Birinci Qarabağ döyüşlərində iştirak edib. Onların 3-ü qazi, 2-i veterandır. Hətta İsrafilin atası dözməyib bir neçə dostlarını yığıb Füzuli bölgəsinə getdi, bir həftə könüllü olaraq köməklik göstərdi. İsrafil şəhidlik zirvəsinə ucaldı.
.jpg)
Fevralın 27-si Füzuliyə, ordan da Ağdama gətirdilər. O dövr idi ki, həmin bölgəyə düşmən çox atəş açırdı. Quzanlıdakı Şəhidlər Xiyabanında insan seli var idi. Hardansa, məlumat almışdılar. Döyüş vaxtı heç kim evindən çıxmırdı. Qorxurdum ki, düşmən qəbiristanlığa nəsə atar, insanlar ölər. Amma insanların gözündə bir qram qorxu yox idi. Sözün əsl mənasında millət dəmir yumruq olmuşdu. Dəfndə atası çıxış etdi, dedi ki, xahiş edirəm, heç kəs oğluma görə ağlamasın. Mən şəhid olmadım, oğlum o zirvəyə ucaldı. Müharibədən sonra Ağdama getdim, orada azan oxudum. Şəhər yerla yeksandır...”
Şəhidin qardaşı Ayxan İbrahimovun sözlərinə görə, qardaşı tez-tez yuxusuna gələrək ona yol göstərir:
“Məni adımla çağırmırdı, “Mıstıq” deyirdi. Tək qardaşım idi, çox istəyirdik bir-birimizi. Mənə idman etməyi öyrədirdi. Axırıncı dəfə oktyabrın 25-i danışdıq. Dedi ki, anamla atamın sözündən çıxma, ağıllı ol. Söylədi ki, hər an hər şey ola bilər. Ölüm-itim yeridir, şəhid ola bilərəm. Müharibəyə getməmişdən əvvəl məndən qələm istədi. Götürüb kağıza şeir yazdı. Şeiri ailəmizə həsr etmişdi. Yuxumda qardaşımı çox görürəm. Yuxumda deyir ki, atamı-anamı ağlamağa qoyma, yoxsa mən pis oluram, fikrim orada qalır. Deyir ki, onsuz da mən gəlib hər gün sizi görürəm, kədərlənəndə yerim narahat olur.
.jpg)
Qardaşım şəhid olmamışdan əvvəl iki dəfə yaralanıb. Sürdüyü zirehli maşın aşıb. Bizə atdığı videoda əlinin əzildiyini görmüşdüm. Xəstəxanaya gedəndə deyib ki, mənsiz getməyin, qayıdıb gələcəm. Elə xəstəxanada şəhid oldu....”
Şəhidin anası Səbinə İbrahimova da oğlunun vətənpərvərliyindən fəxrlə danışır:
“Balaca olarkən mağazada oyuncaq silahları görürdü, istəyirdi. Mən də alırdım. Atası da hərbidə olub. Özü deyirdi ki, atamın yolunu davam etdirəcəyəm. Hərbi təlimlərdən yorğun gəlirdi, amma bir dəfə olsun şikayətlənmirdi. Öz yorğunluğundan həzz alırdı, işini sevirdi. Müharibə başlayan zaman fəxrlə dedi ki, artıq öz torpaqlarımızı alacağıq. Dedim ki, bəlkə getməyəsən? Cavab verdi ki, o sözü demə, mən, başqası getməsin, bəs torpaqlarımızı kim geri qaytarsın? Paltarlarını yığan zaman ağladım. Bu zaman söylədi ki, darıxma, bir aylıq gedirəm. Arzuları var idi. Söylədi ki, sağ-salamat qayıdanda toyumu edərsən! İki-üç dəfə dedi ki, şəhid olsam, başını dik tutarsan! Cavab verdim ki, o sözü demə! Çox zarafatcıl uşaq idi, deyirdi ki, babam kimi çox yaşayacağam.
Sonuncu dəfə oktyabrın 15-i danışdıq, Laçında idi. Laçının gözəlliyindən danışdı. Cəbhə yoldaşları deyirdi ki, kim şəhid olurdusa, İsrafil oturub ağlayırdı. Amma sonra uşaqları möhkəm olmağa səsləyirdi. Komandiri ilə heç nədən qorxmurdu, ölümün gözünə dik baxırdı. Döyüş vaxtı yaralıları, şəhidləri götürürdü”.
.jpg)
Ana ürəyi oğlunun şəhid olmasını öncədən hiss edibmiş:
“Oktyabrın 26-sı, şəhid olduğu gün özümü çox narahat hiss edirdim. Baldızım zəng vurub İsrafil barədə soruşdu. Atası komandiri ilə əlaqə saxlamışdı, hücuma keçəcəklərini demişdi. Namaz qıldım, həmin an o qədər ağladım ki... Hiss etdim ki, nəsə xəbər eşidəcəm. Bütün namaz vaxtı ağladım. Eltim mənə dedi ki, İsrafil yaralanıb, gətirirlər. Xəbərə inanmadım, həyat yoldaşıma zəng vurdum, telefonu açmadı. Daha sonra qaynım gəldi, dedi ki, İsrafil şəhid olub. Mən inanmırdım, ümidim var idi. İndi də yolunu gözləyirəm, elə bilirəm ki, nə vaxtsa gələcək.
Arzuları çox idi. İstəyirdi ki, Şuşada toyu olsun. 16-sı ad günü idi, zəng vuranda onu təbrik etdik. Dedim ki, sağ-salamat gəl, gələn il oralarda ad gününü qeyd edərik. Cavab verdi ki, ana, bilmək olmaz mənə nəsib olacaq, ya yox! Sanki hiss etmişdi, hamı ilə əlaqə saxlayaraq halallıq alırdı.
.jpg)
Sevdiyi var idi. Həmin xanım Bakıdadır, yas müddətində gəlmişdi. O qız Laçından idi. Telefonla danışanda demişdi ki, sizin torpağa ayaq basmışıq. Həmin xanım məsləhət görmüşdü ki, ananla tez-tez danış. İsrafil cavab verib ki, istəmirəm, mənim yoxluğuma alışsınlar, soyusunlar.
Şkafı açıram, paltarlarından ətri gəlir. Bu yaxınlarda evdə tək idim, paltarlarını qucaqlayıb ağladım. Evdə hicabımı açıram. Hiss etdim ki, kimsə saçımı dartdı. Özüm möcüzələrə çox inanıram. Öz özümə düşündüm ki, çox ağlayıb oğlumu narahat etdim. Adi küçədə gedən zaman sözləri yadıma düşür, mağazaya gedib mənə hər dəfə tapşırdığı şeyləri görürəm, xatırlayıram. Hər an yadımdadır. Atası deyir ki, az ağla, onu narahat edirsən. Cavab verirəm ki, ayrıla bilmirəm. Məzarına gedəndə qayıda bilmirəm. Elə bil, məndən yapışıb deyir ki, getmə! Bunu hiss edirəm. Ana hissi güclü olur. Mənimlə hər sirrini bölüşürdü. Xeyirxah işlər görərdi, hamıya yardım edərdi. Maaşını alardı, ayın sonu çatmamış bitərdi. Ehtiyacı olanlara bazarlıq edirdi. Deyirdi ki, bu həyatda yaxşılıq qalacaq!”
Elvin Elxan
Foto-Video: Nuran Məmmədov



