Bu gün “İƏT Yaradıcı Həftə 2025” çərçivəsində oyun sənayesi üzrə beynəlxalq panel - “G-HUB: İƏT Ölkələrində Oyun Texnologiyalarının İnkişafının Yüksəlişi və Əməkdaşlıq İmkanları” keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İƏT ölkələrindən oyun industriyası liderləri, ekosistem nümayəndələri və yaradıcı sahə mütəxəssisləri iştirak edib.
Panelin əsas məqsədi oyun sektorunun İƏT məkanında sürətlə artan potensialını dəyərləndirmək, regional bazarlar arasında əməkdaşlıq imkanlarını genişləndirmək və oyun istehsalının qlobal səviyyədə mövqeyini gücləndirmək olub.
Panelin rəsmi hissəsində çıxış edən İslam Əməkdaşlıq Gənclər Forumunun (ICYF) baş direktoru Rasul Omarov festivalın regional mədəni əməkdaşlıq üçün rolunu yüksək qiymətləndirib:
“Mədəniyyət Nazirliyinə və bütün tərəfdaşlara İƏT Mədəniyyət Festivalı - “Baku Creative Week 2025” tədbirinə ev sahibliyi etdiklərinə və mədəni–yaradıcılıq sahəsində güclü əməkdaşlıq mühiti yaratdıqlarına görə dərin minnətdarlığımı bildirirəm. Bu festival kino, moda, animasiya, musiqi, e-idman və oyun texnologiyalarını bir araya gətirən aparıcı platformaya çevrilib. Bu proqramlar gənclərə məsuliyyətli rəqəmsal məzmun yaratmaq və rəqabətqabiliyyətli həllər hazırlamaq üçün vacib imkanlar təqdim edir”.
Panel çərçivəsində “GameTech” proqramının ilk istiqamətini təşkil edən “GHUB” panelinin təqdimatı da keçirilib. Bu istiqamət İƏT-ə üzv ölkələr arasında oyun tərtibatı sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyir. Müzakirələrdə dörd müxtəlif ölkədən dəvət edilən ekspertlər çıxış edərək öz ölkələrində oyun ekosisteminin mövcud vəziyyəti, inkişaf mərhələləri, dövlət və özəl sektor təşəbbüsləri, həmçinin tədris proqramları və sənayenin gələcək planları barədə məlumat veriblər. Panel iştirakçıları həmçinin potensial birgə layihələr, regional klaster modelləri, təcrübə mübadiləsi və oyun şirkətlərinin beynəlxalq bazarlara çıxış imkanları kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar. Bu istiqamətdə aparılan müzakirələr həm bilik mübadiləsinə, həm də gələcək əməkdaşlıqlar üçün yeni əsasların formalaşmasına xidmət edir.
“GamePons” şirkətinin icraçı direktoru Taleh Kərimli isə Azərbaycanda oyun ekosisteminin inkişafı ilə bağlı son illərdə atılan addımları diqqətə çatdırıb:
“Yeni studiyalar və tərtibatçılar rəqabətqabiliyyətli oyunlarla qlobal bazara daxil olurlar. Azərbaycan da bu dinamikanın fəal hissəsidir. Innovasiya və Rəqəmsal İnkişaf Agentliyi Gamecoms və Xsolla ilə birgə inkubasiya proqramları həyata keçirib, gənc komandalara prototip hazırlamaq və oyunlarını təkmilləşdirməkdə dəstək göstərib. Hazırda yalnız oyun sənayesinə fokuslanan nəşriyyat şirkətinin yaradılması, ölkənin ilk oyun fondunun təsis edilməsi və xüsusi oyun mərkəzinin qurulması üzərində işlər aparılır”.
Panel çərçivəsində oyun şirkətləri və investorlar arasında əməkdaşlıq imkanları, birgə istehsal modelləri, bilik resurslarının mübadiləsi, oyun inkişafı ekosistemində mövcud problemlər və uğurlu təcrübələr, proqramlaşdırma və oyun dizaynı üzrə yeni tədris yanaşmaları da müzakirə edilib. Spikerlər həmçinin oyun şirkətlərinin beynəlxalq bazarlara çıxış strategiyaları, investisiya trendləri və İslam ölkələrinin mədəni dəyərlərinin oyun konseptlərinə inteqrasiyası barədə fikirlər səsləndiriblər.
Panel iştirakçı ölkələr arasında yeni əməkdaşlıqların formalaşmasına, oyun sənayesinin inkişafı üçün perspektivlərin genişlənməsinə və regional oyun ekosistemlərinin bir-biri ilə əlaqələrinin güclənməsinə şərait yaradıb.
Lamiyə Məmmədova


