İki nəfər qatarın altında qalıb öldü - Bakıda dəhşətli hadisə -Yenilənib

iki-nefer-qatarin-altinda-qalib-oldu
Oxunma sayı: 8548

Ötən gecə saat 22 radələrində paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.

Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***

Hadisə ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, dünən saat 22:15-də ADY-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb:

“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib”. 

“ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur”, - məlumatda vurğulanıb.