İlham Əliyevin növbəti diplomatik qələbəsi

İlham Əliyevin növbəti diplomatik qələbəsi
Oxunma sayı: 15862

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı xarici siyasət, diplomatik addımlar bu gün öz bəhrəsini verir. Bir neçə gün əvvəl, oktyabrın 19-da mətbuatda BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qapalı iclası keçiriləcəyinə dair xəbərlər dolaşdı. Lakin iclasın nəticəsi barədə informasiya yayılmadı. Bunun da öz səbəbi var imiş, 30 ildir düşmən mövqeyindən çıxış edən həmsədr “vasitəçilər” Azərbaycanın beynəlxalq aləmdə hüquqi dayağı sayılan BMT qətnamələrinə istinad etmək istəməyiblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İlham Əliyevin illərlə apardığı uzaqgörən diplomatik siyasət nəticəsində Azərbaycanın dostları olan ölkələr bunun əleyhinə çıxış ediblər. 

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri isə öz simalarını BMT Təhlükəsizlik Şurasında bir daha göstəriblər. Belə ki, iclasdan sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa tərəfindən Təhlükəsizlik Şurasının Prezidentinin bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb. Hazırda TŞ-yə rəhbərlik rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır. Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb. 

Təhülkəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbul edilməz olduğunu bildiriblər. 

Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkiblər.

Son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi sırf onların stilində idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn. Həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. TŞ qətnamələrinə bu münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar. TŞ qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilib. Hər üç həmsədr ölkə qətnamələrin lehinə səs verib. 

Bəs nəyə görə həmsədr ölkələr TŞ qətnamələrindən bu qədər qorxurlar? TŞ qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar? Belə münasibət əslində özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etməkdir. 

Təhlükəsizlik Şurası qətnamələrində Ermənistan  qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer almışdı. TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi. TŞ qətnamələri nəyə görə 27 ildir ki kağız üzərində qalır? Nəyə görə işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar qoyulmur?
Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmadı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.

27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi. 

Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk Qrupunun həmsədr ölkələridir. Baş verənlər Minsk Qrupunun həmsədrlərinin Azərbaycan cəmiyyətində niyə qıçıq və qəzəb yaratdığını aydın surətdə izah edir. Azərbaycan cəmiyyəti həmsədrlərdən yorulub və bezib.

Təhlükəsizlik Şurası tamamilə mənasız bir quruma çevrilib. Dünyada TŞ qədər anti-demokratik bir qurum yoxdur. TŞ daimi üzvlərinin girovuna çevrilib. TŞ-nin daimi üzvləri ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar. 

Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?

Qoşulmama Hərəkatı ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.

Bəzən bir sıra müxalifət nümayəndələri “Qoşulmama Hərəkatına qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham ƏIiyev Qoşulmama Hərəkatı ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi. Azərbaycanın bu illər ərzində xarici ölkələrdə həyata keçirdiyi mədəniyyət sahəsindəki xeyriyyə işləri, yardımlar, yatırımlar, humanitar addımları və dighər çoxsaylı diplomatik gedişləri misal çəkmək olar. 

Ədalətsiz bəyanatın qəbul edilməməsi, Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.