İmişlidə Zəfər Gününün beşinci ilinə həsr olunmuş tədbirlər keçirilib - Fotolar

imislide-zefer-gununun-besinci-iline-hesr-olunmus-tedbirler-kecirilib
Oxunma sayı: 880

İmişli rayonunda 8 Noyabr – Zəfər Gününün beşinci ilinə həsr olunmuş tədbirlər təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə rəsmi hissə keçirilib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər gül-çiçək dəstələri qoyularaq dahi rəhbərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rəsmi mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   

Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu vurğulayıblar.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın birliyinin, dövlətçiliyimizin və milli həmrəyliyimizin təntənəsidir.

Eyni zamanda qeyd olunub ki, bu Qələbə hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyadır və azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin gücünün, xalqımızın əzminin və sarsılmaz iradəsinin bariz göstəricisidir.

Çıxışlarda həmçinin Bakıda keçirilmiş möhtəşəm Zəfər Paradı xatırlanaraq, bu paradın Azərbaycan xalqının dövlətçilik qürurunun, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin parlaq təcəssümü olduğu bildirilib.

Daha sonra Zəfər Gününə həsr olunmuş ziyafət tədbiri keçirilib. Tədbir İmişli Rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səslənən ifalar qələbə sevincini, milli qürur hissini və şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramı əks etdirib.