Lənkəran sakininin evindən 6 kiloqramdan artıq heroin aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Lənkəran Şəhər RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samit Baxşiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Onun narkotik vasitəni Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Axundovdan əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı E.Axundovun üzərindən və yaşadığı evdən 6 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla E.Axundovun həmin narkotik vasitəni İranda yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.