İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - Foto

isden-cixan-muellimin-etiraz-erizesine-mektebden-cavab
Oxunma sayı: 1760

Bakının Xətai rayonundakı Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbinin müəllimi Aytəkin İmanova öz istəyi ilə işdən çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşan 20 illik pedaqoji fəaliyyəti olan müəllim bunu sertifikasiya imtahanlarından və maaş azlığından narazı olduğu üçün etdiyini bildirib.

“Ömrümün 20 ilini məktəbdə muəllimliyə həsr etdim, təəssüf. İrəlidəki 20 ilimi xilas etmək ümidi ilə işdən ayrıldım. Dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyətim ərzində sərf etdiyim əmək, stress və qazandığım məvacib arasında tarazlığın pozulması mənim həyat enerjimi tükətdi. “Müəllimlik şərəfli peşədir” kimi mənəvi manipulyasiyanın təsiri altında ömrümün ən məhsuldar, enerjili illərini sərf etdim. İndi 20 illik köləlik zəncirimi qırmağa cəsarət edirəm”.

Məsələ ilə bağlı 64 nömrəli məktəbdən “Azərbaycan müəllimi”nə bildirilib ki, İmanova Aytəkin Murad qızı 25 oktyabr 2006-cı ildən 11 sentyabr 2026-cı ilədək 11 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində çalışıb: “İşlədiyi müddət ərzində dəfələrlə ailə vəziyyətinə görə öz hesabına məzuniyyətə çıxıb və 6 saatdan artıq dərs tədris edib. Dərs yükünü az götürməsini isə öz maraq dairəsinə uyğun başqa peşələrə, kurslara və təlimlərə getməsi ilə əlaqələndirib.

10 sentyabr 2026-cı ildə məktəbə gələrək öz xahişi ilə ərizə yazıb və 11 sentyabr 2026-cı ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (2A) maddəsinə əsasən işdən azad edilib. Məlum olduğu kimi, bu gün müəllimin əməkhaqqı tədris etdiyi dərs saatlarının miqdarından asılı olaraq dəyişir. Əgər müəllim az dərs saatı verilməsini istəyibsə, o zaman alacağı əməkhaqqının aşağı olacağı barədə məlumatlı olmalıdır.

Bundan başqa, bu gün kifayət qədər müəllim məktəbdəki fəaliyyəti ilə yanaşı, digər təhsil fəaliyyəti ilə də məşğul olmaq hüququna malikdir və buna Əmək Qanunvericiliyinin tələbləri çərçivəsində Aytəkin İmanovanın da fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb”.