Məhkəmə-Hüquq Şurasının nümayəndəsi CEPEJ-in Strasburqda keçirilən 45-ci plenar iclasında iştirak edib

mehkeme-huquq-surasinin-numayendesi-cepej-in-strasburqda-kecirilen-45-ci-plenar-iclasinda-istirak-edib
Oxunma sayı: 299

2025-ci ilin 4-5 dekabr tarixlərində Strasburq şəhərində Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 45-ci plenar iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda CEPEJ-in Azərbaycan Respublikası tərəfdən üzvü, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov iştirak edib.

CEPEJ üzvü olan ölkələrin nümayəndələrinin, işçi qrupların üzvlərinin və ekspertlərin iştirakı ilə keçirilən iclas çərçivəsində məhkəmə idarəçiliyi sahəsində son dövrdə həyata keçirilmiş islahatlar barədə məlumat mübadiləsi aparılıb, həmçinin məhkəmə sistemlərinin qiymətləndirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması, kiberməhkəmə və süni intellektdən istifadə, məhkəmələrdə iş yükünün ölçülməsi və məhkəmə işlərinə baxılması müddətinin idarə edilməsi üzrə təqdim olunmuş işçi sənədlər ətraflı müzakirə edilib.

İclasda qəbul olunan qərarlara əsasən, CEPEJ-in 2026-2027-ci illər üçün iş proqramı və məhkəmələrə etibarın yüksəldilməsi vasitəsi ilə qanunun aliliyinin gücləndirilməsini hədəfləyən 2026-2029-cu illərə dair yeni fəaliyyət planı (“Valletta planı”) üzrə Strateji Yol Xəritəsi təsdiq olunub. Həmçinin iclasda süni intellektin sürətli və getdikcə artan tətbiqi prosesində məhkəmələrdə yaradıcı süni intellektdən istifadəyə dair təlimatlar da təsdiq edilib.

Müzakirələr nəticəsində işçi sənədlər üzrə müvafiq işçi qruplar tərəfindən növbəti mərhələdə atılacaq addımlar barədə razılıq əldə olunub.