“KİVDF sədri jarqonla danışmamalıdır”

kivdf-sedri-jarqonla-danismamalidir
Oxunma sayı: 1115

Tanınmış jurnalist Cavid Cabbaroğlunun “Qafqazinfo”ya müsahibəsi

- Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) keçirdiyi ikinci müsabiqəyə qatıldınız və yenə də qalib olmadınız. Amma hər iki müsabiqədən sonra sizin iştirakınızla qalmaqal baş verdi. Maraqlıdır - niyə hesab edirsiniz ki, hər iki halda qalib elan olunmalı idiniz? Bu, qeyri-təvazökarlıq deyilmi?
- Müsahibəyə maraqlı sualla başladınız. Ona görə də ətraflı cavab verməyə məcburam. KİV DF-nin Novruz bayramı ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etdiyim “BBC: Bakı-Biləsuvar-Culfa” başlıqlı yazı həm oxucular, həm də həmkarlarımız tərəfindən böyük maraqla qarşılanmış, bir neçə sayt və qəzet tərəfindən yayınlanmışdı. Görünür, həm yazının üzərində üç ay işləməyim, həm də çox duyğusal ifadələrlə insanların milli hisslərinə toxunmağım burada böyük rol oynamışdı. Xatırlayırsınızsa, orada İran ərazisindən keçməklə Araz çayının sahili ilə Naxçıvana səfər təəssüratlarımı qələmə almış, sovet dövründə o sahildən bu sahilə, müstəqillik illərində isə bu sahildən o sahilə həsrətlə baxdığımızı və hər iki sahilin tarixi Azərbaycan torpaqları olduğunu vurğulamışdım. O yazıda bircə artıq hərf də yox idi və mən bunu tam məsuliyyətimlə bəyan edirəm.

Yazıya mükafat verilməyəndən sonra mən KİV DF-yə apellyasiya şikayəti ilə müraciət etdim. Fondun Müşahidə Şurasının rəhbəri Umud Rəhimoğlunun sədrliyi və yazıma qiymət verən ekspertlərin iştirakı ilə çox normal atmosferdə söhbətimiz oldu. Ekspertlər iradlarını səsləndirdi, mən də tək-tək iradlara cavab verib onları qəbul etmədiyimi bildirdim. Qəbul etdiyim yeganə irad yazının araşdırma olmaması ilə bağlı idi, onu da bir qeydlə qəbul etdim - üslubu qarışdırmayın, publisistik yazıda araşdırma axtarmazlar. Orada məlum oldu ki, apellyasiya şikayətimə baxılması formal xarakter daşıyır. Çünki KİV DF-nin əsasnaməsində haqlı sayılan şikayətin təmin olunması qaydası əks olunmayıb. Yəni mənim yazımı qalib saysalar da, əvvəlcədən qalib elan olunan hansısa yazının müəllifindən qalibiyyət geri alınmayacaqdı - çünki qaliblərin mükafatlandırılması mərasimi artıq baş tutmuşdu. Elə bu xüsusda KİV DF-nin müsabiqə keçirmə qaydaları ilə bağlı bəzi təkliflərimi səsləndirdim.

- Konkret hansı təkliflərdən söhbət gedir?
- Müşahidə Şurası müsabiqənin nəticələrini ləğv etmək səlahiyyətində deyil. Üstəlik, nəticələr elan olunduqdan bir gün sonra müsabiqənin qalibləri mükafatlandırılırsa, bu o deməkdir ki, faktiki olaraq jurnalistlərə müsabiqənin nəticələrindən şikayət vermək müddəti də tanınmır. Müsabiqədə təklif olunan yazı istiqamətlərinin mövzularının birinci başlıq kimi verilməsinin tələb olunması əslində başlığı sifariş etmək deməkdir. Jurnalistika yaradıcı sahə olduğundan, yaradıcı adamları hansısa məhdudiyyətlərlə qəlibə salmaq olmaz. Əsas problem isə ondan ibarətdir ki, hər istiqamət üzrə ekspertlər eyni olmur. Təklif etdik ki, konkret istiqamət üzrə yazıları 3 müxtəlif ekspert yox, 3 eyni ekspert oxumalıdır.

Əfsuslar olsun ki, mənə orda da yazı təqdim etdiyim istiqamət üzrə qalib elan olunan yazıları təqdim etmədilər. Yalnız fondun icraçı katibliyinin nümayəndəsi bildirdi ki, bayram tətilindən sonra qalib elan olunmuş yazılar KİV DF-nin saytında yerləşdiriləcək. Amma bu günə qədər həmin yazılar saytda yerləşdirilməyib. Yəqin ki, bu dəfə də belə olacaq.

Həmin vaxt bizim holdinqin baş direktoru Vüsalə Mahirqızının xahişi ilə həm özümün, həm də qarşı tərəfin Novruz əhval-ruhiyyəsini korlamamaq üçün haqlı mövqeyimi sona qədər müdafiə etmədim. Zatən o mübahisədə haqlı olduğumuzu media ictimaiyyəti birmənalı şəkildə qəbul etdi. Çağdaş ədəbiyyatımızın öndə gələn nümayəndələrindən yazıçı-publisist, Məmməd Araz yadigarı İradə Tuncay, Azərbaycanın ən yaxşı media meneceri olduğunu hər layihəsi ilə sübut edən Vüsalə Mahirqızı açıq şəkildə məni müdafiə etdilər. Bildiyimə görə, KİV DF-nin iclasında Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas da yazımın qiymətləndirilməli olduğunu deyiblər.

- Bəs ikinci yazınızla bağlı niyə apellyasiya şikayəti vermədiniz?
- Dediyim kimi, apellyasiya şikayətinin formal xarakter daşıması, nəticələrə təsir etməməsi şikayət verməyə ehtiyac olmadığını ortaya qoydu. Nəticələr açıqlandıqdan sonra “Facebook” sosial şəbəkəsində bununla bağlı fikirlərimi yazdım, Vüqar Səfərov buna çox kobud formada cavab verdi. Bu adamın ifadəsinə diqqət edin - “Keçən dəfə də hay-küy salmışdı, gətirtdik, başa saldıq, oturtduq yerində”. Bu, media adamına layiq ifadədirmi? Təbii ki, yox. Çünki Vüqar Səfərov mətbuata dəxli olmayan adamdır. Bu ifadəni isə adətən kriminal dünyanın adamları işlədirlər.

Məni ora heç kim apartdırmayıb, özüm könüllü şəkildə şikayət vermişəm, onlar da şikayətimə baxılan iclasa məni dəvət ediblər. Hansı başa salmaqdan söhbət gedir ki, o iclasda iştirak edən adamlarla normal müzakirə gedib, hətta məndən məsələni mediada davam etdirməmək xahiş olunub? “Başa salmaq” özlüyündə pis ifadə deyil - adamı özündən böyüklər, ağıllılar, savadlılar və ağsaqqallar başa salar. Amma elementar etikadan uzaq olduğunu bircə açıqlaması ilə ortaya qoyan Vüqar Səfərov məni başa sala biləcək adamlar sırasında deyil. Mən 14 ilin jurnalistiyəm, Qafqazın ən böyük media holdinqlərinin birində redaktor vəzifəsində çalışıram, aliməm, 35 illik ömrümün düz 20 ilini təhsil almağa sərf etmişəm, bir ailənin başçısı, bir uşağın atasıyam. Heç kimə mənimlə bu tonda danışmağa icazə vermirəm. Vüqar Səfərov barəsində belə ifadələr işlətsələr, onun dost-tanışı, ailə üzvləri bunu oxuyub məmnun qalarlarmı? Ya da onların yaxın adamları haqqında bu cür ifadələr işlədilməsinə münasibətləri necə olar? Ziyalıların toplaşdığı təşkilatın başında duran adam kriminal aləmin nümayəndəsi kimi danışır. O, vəzifəsinin adına güvənib, neçə ilin yazı-pozu adamları ilə bu cür layiqsiz tonda danışır, köməksiz qəzet müxbirlərinin üstünə çığırıb, onları hədələyir.

- Vüqar Səfərov deyib ki, “ekspertlər yazıya haqlı olaraq aşağı qiymət veriblər. Çünki bu yazı açılmayıb, mövzu tam əhatə edilməyib. Yazının verilən mövzuya uyğunluğu çox azdır”...
- Son müsabiqənin “Diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi" istiqaməti üzrə “Azərbaycançılıq ideologiyası: tarixdən müasirliyə” mövzusuna uyğun olaraq “Şah İsmayılın xanımı Çaldıran döyüşündə əsir düşübmü?” başlıqlı yazı təqdim etmişdim. Bilirsiniz ki, Şah İsmayılın xanımının Çaldıran döyüşündə əsir düşməsi məsələsi uzun illər Osmanlı və Türkiyə tarixçiləri tərəfindən Səfəvilərə qarşı “qara piar” kimi istifadə olunub. Yazımda məhz bu iddialara toxunmuş və faktlarla onların həqiqətəuyğun olmadığını sübut etmişdim. Hesab edirəm ki, 14 yaşında Bütöv Azərbaycan yaratmağa nail olmuş qüdrətli bir hökmdarımızla bağlı yazı məhz “Azərbaycançılıq ideologiyası: tarixdən müasirliyə” mövzusuna uyğun gəlirdi. Vüqar Səfərovun “bu yazı açılmayıb, mövzu tam əhatə edilməyib” ifadəsinə isə güldüm. Bunu tam məsuliyyətimlə bəyan edirəm - əgər Vüqar Səfərov o yazını oxuyana qədər Taclı xanımın, Behruzə xanımın adlarını eşidibsə, mən nəinki mətbuatdan, hətta ölkədən də getməyə hazıram.

Ümumiyyətlə, mənim bu adamla nəinki heç bir şəxsi problemim, hətta şəxsi tanışlığım da yoxdur. Sadəcə, jurnalistlərlə rəftarını və davranış qaydalarını dəyişməsini istəyirəm. Bu gün kimlərsə yerlərinə və mövqelərinə görə susa bilərlər. Amma Vüqar Səfərov bilməlidir ki, mətbuatda hamı onun bu cür davranışından, insanları aşağılamaq üslubundan narazı və şikayətçidir.

Baxın, prezidentin müvafiq sərəncamları ilə Elçin Babayevin rəhbərlik etdiyi Elmin İnkişafı Fondu və Azay Quliyevin rəhbərlik etdiyi QHT-lərə Dövlət Dəstəyi Fondu da yaradılıb. Niyə bu fondların fəaliyyətindən narazılıq olmur, amma KİV DF-nin hər müsabiqəsindən sonra qalmaqal baş verir? Niyə Vüqar Səfərovun adı olmadan keçirilən müsabiqədə heç bir problem olmur? Məsələn, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqədə Vüqar Səfərovun oğlunun qalib olması ilə bağlı qalmaqal hər kəsin yadındadır. Eyni nazirlik bu il də eyni müsabiqəni keçirdi, bircə Vüqar Səfərov yox idi. Mətbuatda bir cümlə də narazılıq eşitmədik.

İndiyə qədər keçirilən bütün müsabiqələrdə “Mövqe” və “Futbol+qol” qəzetinin heç olmasa hərəsindən bir əməkdaş birinci yeri tutub. Necə olur ki, KİV DF-nin bir ayda keçirdiyi 3 müsabiqədə bir qəzetin iki eyni müxbiri 4 mükafat alır? O müxbirlər hər dəfə birinciliyə layiq yazı yazırlarsa, niyə onların işlədikləri qəzetlər birinci deyil? Necə olur ki, mənim yazısını redaktə elədiyim müxbirlər müsabiqədə yer tuta bilir, onların redaktoru yox?

- Bildiyimizə görə, siz Vüqar Səfərovla həmyerlisiniz...
- Bəli, ikimiz də Azərbaycanın dilbər guşələrindən olan Ordubad rayonundanıq. Ordubad əhli, o cümlədən Vüqar Səfərovun doğulduğu Tivi kəndi həmişə alimləri, şairləri və ziyalıları ilə seçilib. Amma təəssüf ki, belə də olur.

Mən məsələyə yerliçilik prinsipi ilə yanaşmıram. Onunla da heç bir şəxsi qərəzim yoxdu. İstədiyim odu ki, insanlarla vəzifələrinə görə yox, insan olduqlarına görə, elm və potensiallarına görə davransın və ədalətli olsun.