Kiyevdə küçədə insanlara atəş açıldı - Ölənlər var-Yenilənib

kiyevde-kucede-insanlara-ates-acildi
Oxunma sayı: 1247

Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxs tərəfindən törədilən silahlı hücum faciə ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Şəhərin Qoloseyevski rayonunda qeydə alınan hadisədən dərhal sonra əraziyə polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Cinayətkarın tutulması üçün paytaxtda xüsusi əməliyyat rejimi elan edilib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko öz “Telegram” kanalında bildirib ki, polisin həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində insanlara atəş açan şəxs artıq zərərsizləşdirilib. Hadisə yerində araşdırmalar davam edir.

Qeyd edək ki, yerli mediada yayılan ilkin məlumatlara görə, hücumu törədən şəxs 58 yaşlı rus əsilli Dmitri Vasilyeviç Vasılçenkovdur. Onun əvvəllər Donetsk vilayətinin Baxmut şəhərində yaşadığı, sonradan isə Kiyevə köçdüyü qeyd olunur.

Faktla bağlı cinayət işi başlanılıb, hücumun motivi və silahın əldə edilmə mənbəyi araşdırılır.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ölənlərin sayının 5-ə çatdığını qeyd edib.